SİYASƏT
Azərbaycan və Paraqvayın Xarici İşlər nazirlikləri arasında ilk dəfə siyasi məsləhətləşmələr keçirilib
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov mayın 10-da Latın Amerikası dövlətlərinə səfəri çərçivəsində Paraqvayın xarici işlər naziri Xulio Ariola ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, Azərbaycan-Paraqvay arasında aparılan siyasi dialoqun vacibliyi vurğulanıb. Müxtəlif istiqamətlərdə, o cümlədən energetika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib.
Azərbaycan tərəfi Paraqvayın ölkəmizin ərazi bütövlüyünü və suverenliyini ardıcıl və davamlı şəkildə dəstəklədiyinə görə təşəkkür ifadə edib.
Görüşdə, həmçinin Azərbaycan və Paraqvay arasında beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq və qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Mayın 10-da Paraqvayın paytaxtı Asunsyon şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Paraqvay Respublikasının Xarici İşlər Nazirliyi arasında ilk dəfə olaraq siyasi məsləhətləşmələr keçirilib.
Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədovun, Paraqvay tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Raul Rikyardinin rəhbərlik etdiyi nümayəndə heyətləri siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.