Ağdərəyə qayıdışın sevinc dolu anları: Bundan sonra gözəl günlərimiz çox olacaq
Ağdərə, 22 avqust, AZƏRTAC
34 illik ayrılıqdan sonra doğma Ağdərəyə qayıdan Saleh Əliyev üçün bu köç sadəcə yaşayış yerinin dəyişməsi deyil, illər əvvəl yarımçıq qalmış həyatın yenidən doğma torpaqda davam etdirilməsidir. O, Kolatağ kəndinə ailəsi – həyat yoldaşı, qızı və 4 nəvəsi ilə birlikdə köçüb.
Saleh Əliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, 1992-ci ildə doğma torpaqları tərk edəndə 29 yaşı olub. Köçkünlük illərində Şəki və Bərdə rayonlarında məskunlaşıb.
“Bu torpaqlara yenidən qayıtmağım mənim üçün böyük sevincdir. Uzun illər doğma Ağdərəyə qayıtmaq arzusu ilə yaşamışıq. İndi isə həmin arzunun gerçəkləşdiyini görürük. Doğma torpağımızda yeni həyata başlamaq bizim üçün çox böyük xoşbəxtlikdir”, – deyə S.Əliyev bildirib.
Ağdərə rayonunun təsərrüfat qurmaq üçün əlverişli imkanlara malik olduğunu vurğulayan keçmiş məcburi köçkün burada heyvandarlığı inkişaf etdirmək niyyətindədir: “Ağdərə rayonu heyvandarlıq üçün olduqca əlverişlidir. Hazırda 50 baş iribuynuzlu heyvanım var. Bu torpaqlarda təsərrüfatımı daha da genişləndirməyi, gələcəkdə qoyunçuluqla da məşğul olmağı nəzərdə tutmuşam. İstəyirəm ki, doğma yurdumda öz zəhmətimlə təsərrüfatımı qurum və inkişaf etdirim”.
Saleh Əliyev doğma torpaqlara qayıdış sevincini onlara yaşadan Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarlığını ifadə edib, Allahdan şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyib.
“Burada yaşayacaq, işləyəcək, təsərrüfatımızı inkişaf etdirəcəyik. İnşallah, doğma Ağdərədə bundan sonra gözəl günlərimiz çox olacaq”, – deyə keçmiş məcburi köçkün əlavə edib.