İğdır Azərbaycan Evində “Her Yönüyle Iğdır” kitabının təqdimatı keçirilib
Bakı, 21 avqust, AZƏRTAC
İğdır Azərbaycan Evində “Her Yönüyle Iğdır” kitabının təqdimat mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acarın müəllifi olduğu nəşrdə İğdırın tarixi, mədəni irsi, adət-ənənələri, eləcə də şəhərin ictimai-mədəni həyatının müxtəlif istiqamətləri haqqında məlumatlar yer alıb.
Təqdimat mərasimində İğdır valisi Mustafa Fırat Taşolar, İğdır Vilayət Polis İdarəsinin rəisi Niyazi Turgay, İğdır Universitetinin rektorunun müşaviri professor Uğur Şimşək, Milliyyətçi Hərəkat Partiyası (MHP) İğdır vilayətinin sədri Hüseyn Ateş, İğdır Melekli qəsəbəsinin rəhbəri Mücahit Tanık, eləcə də ictimaiyyət və mədəniyyət nümayəndələri, sənətsevərlər iştirak ediblər.
Tədbirdə çıxış edən Ziya Zakir Acar kitabın ərsəyə gəlməsi məqsədi, hazırlanma prosesi və nəşrdə əks olunan mövzular barədə məlumat verib. Bildirib ki, əsərin əsas məqsədi İğdırın tarixi-mədəni irsinin araşdırılması, qorunması və daha geniş auditoriyaya çatdırılmasıdır.
Çıxışlarda İğdırın qədim tarixinin, zəngin mədəni irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, “Her Yönüyle Iğdır” kitabı şəhərin tarixi-mədəni dəyərlərinin tanıdılması baxımından mühüm mənbələrdən biridir.
Sonda tədbir iştirakçıları üçün kitabın imza mərasimi keçirilib.
Kitab Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gəlib.