Qazaxıstanda Qurultay seçkiləri ərəfəsində sükut günü başlayır
Astana, 21 avqust, AZƏRTAC
Qazaxıstanda avqustun 22-də ölkənin yeni birpalatalı parlamenti - Qurultayın deputatlarının ilk seçkiləri ərəfəsində sükut günü başlayır. Səsvermə avqustun 23-də keçiriləcək.
AZƏRTAC xəbər verir ki, seçkiqabağı təşviqat avqustun 22-də saat 00:00-da başa çatır. Sükut və səsvermə günü təşviqat aparılması qanunvericiliklə qadağandır.
Qurultaya seçkilər ilk dəfə Qazaxıstanın 2026-cı il iyulun 1-də qüvvəyə minmiş yeni Konstitusiyasına uyğun keçirilir. Əsas Qanuna görə, Qurultay ölkənin qanunvericilik hakimiyyətini həyata keçirən birpalatalı ali nümayəndəli orqanıdır.
Seçkilərdə yeddi siyasi partiya iştirak edir. Mərkəzi Seçki Komitəsinin (MSK) iyulun 23-nə olan məlumatına görə, onların partiya siyahılarına 545 namizəd daxil edilib. Qurultayda 145 deputat mandatı nəzərdə tutulub.
Ölkə üzrə seçici siyahılarına 12 milyon 605 min 788 nəfər daxil edilib. Səsvermə 10 min 423 seçki məntəqəsində, o cümlədən Qazaxıstanın 61 xarici dövlətdəki nümayəndəliklərində yaradılmış 79 məntəqədə təşkil olunacaq.
Seçkiləri akkreditasiyadan keçmiş 777 beynəlxalq müşahidəçi izləyəcək. Onlardan 160-ı 42 xarici dövləti, 617-si isə 13 beynəlxalq təşkilatı təmsil edir. Müşahidəçilər arasında 41 ölkənin parlamentlərindən 138 deputat da var.
Avqustun 23-də səsvermə yerli vaxtla saat 07:00-dan 20:00-dək keçiriləcək. Qazaxıstanın Mərkəzi Seçki Komissiyası seçki məntəqələrinin səsvermənin keçirilməsinə hazır olduğunu bildirib.