Azərbaycan və Qırğızıstan Ali məhkəmələri arasında əməkdaşlıq genişləndiriləcək
Bakı, 21 avqust, AZƏRTAC
Qırğızıstan Azərbaycanın məhkəmə sisteminin rəqəmsallaşdırılması sahəsində təcrübəsindən yararlanmaqla yanaşı, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Bakıda səfərdə olan Qırğız Respublikası Ali Məhkəməsinin sədr müavini Nurlan Alişeroviç Musayev bildirib.
O qeyd edib ki, Azərbaycan Ali Məhkəməsinin rəhbərliyinə bu istiqamətdə əməkdaşlığın sistemli şəkildə davam etdirilməsi ilə bağlı müraciət edib.
“Biz ekspertlər səviyyəsində daimi təcrübə mübadiləsinin həyata keçirilməsini, İşçi qrupları çərçivəsində təcrübə mübadiləsinin aparılmasını və birgə seminarların keçirilməsini təklif edirik. Gələcəkdə məhkəmə sistemlərinin inteqrasiyası və rəqəmsallaşma istiqamətində birgə təşəbbüslər hazırlanaraq, müvafiq təkliflərin irəli sürüləcəyinə ümid edirik”, – deyə Nurlan Musayev vurğulayıb.
Qırğızıstan Ali Məhkəməsinin sədr müavini diqqətə çatdırıb ki, səfər çərçivəsində onlara həm məhkəmə sistemi, həm də rəqəmsal transformasiya və elektron məhkəmə icraatı sahəsində həyata keçirilən işlər, qəbul edilmiş qərarlar və tətbiq olunan həllərlə yaxından tanış olmaq imkanı yaradılıb.
“Bu səfər bizim üçün çox faydalı oldu”, – deyə o əlavə edib.