Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
Astana, 22 avqust, AZƏRTAC
Qazaxıstanın xarici işlər naziri Yer¬mek Koşerbayev Azərbaycan Respublikasının Qazaxıstandakı səfiri Əlimirzamin Əsgərovla görüşüb.
AZƏRTAC Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın aktual məsələləri, həmçinin Qazaxıstanla Azərbaycan arasında strateji tərəfdaşlığın və müttəfiqliyin daha da möhkəmləndirilməsi perspektivləri müzakirə edilib.
Dövlət başçıları arasında müntəzəm təmasların və etimadlı dialoqun Qazaxıstan-Azərbaycan münasibətlərinin ardıcıl inkişafı üçün möhkəm əsas olduğu vurğulanıb.
İqtisadi-ticari əməkdaşlığa xüsusi diqqət yetirilib. İkitərəfli ticarətin yüksək dinamikası, qeyri-xammal ixracının genişləndirilməsi, sənaye kooperasiyasının inkişaf etdirilməsi və qarşılıqlı investisiyaların artırılması üçün böyük potensialın olduğu qeyd edilib.
Tərəflər tranzit-nəqliyyat əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini də vurğulayıblar. Qazaxıstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TXBMT) inkişafında Azərbaycanı əsas tərəfdaşlardan biri hesab edir.
Tərəflər Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.
Görüşün sonunda Azərbaycanın səfiri səmimi qəbula görə təşəkkür edib, strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda münasibətlərin gələcək inkişafına töhfə verməyə hazır olduğunu təsdiqləyib.