Polina Rəhimova: Avropa çempionatı kimi möhtəşəm turnirin Azərbaycanda təşkili qürurvericidir
Bakı, 21 avqust, AZƏRTAC
Turnirə qələbə ilə başlamaq vacib idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova Bakıda keçirilən Avropa çempionatında Portuqaliya yığmasına 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
O, doğma azarkeşlər önündə oynamağın məsuliyyətindən və gələcək matçlardan söz açıb: “Əvvəlcə Portuqaliya millisini təbrik etmək istəyirəm, yaxşı oyun nümayiş etdirdilər. Bizim üçün isə matç bir qədər həyəcanlı keçdi. Doğma meydanda oynadığımız üçün azarkeşlərimizə yaxşı oyun göstərmək istəyirdik və əsassız yerə əlavə gərginlik var idi. Əsas odur ki, turnirə qələbə ilə başladıq. İnanıram ki, növbəti matçlarda daha rahat və yaxşı oynayacağıq. Qarşıda bizi İspaniya və Rumıniya ilə vacib görüşlər gözləyir. Sabah dincələcəyik, rəqiblərin oyun videolarını izləyib ciddi şəkildə hazırlaşacağıq. Qələbə seriyasını davam etdirmək üçün əlimizdən gələni edəcəyik”.
Rəhimova arenadakı atmosferi və azarkeş dəstəyini də yüksək qiymətləndirib: “Azarkeşlər möhtəşəm idi, zalın tam dolu olduğunu görmək çox xoşdur. İsinmə hərəkətləri etdiyimiz zaman açılış mərasiminin başlandığını bildik, baxmaq istəsək də, imkan olmadı. Məncə, hər kəs bu böyük idman bayramından zövq aldı. Belə möhtəşəm turnirin Azərbaycanda təşkil olunması qürurvericidir”.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti görüşünü avqustun 23-də eyni məkanda İspaniya seçməsinə qarşı keçirəcək.
C qrupunda Azərbaycan və Portuqaliya yığmaları ilə yanaşı, Niderland, İspaniya, Belçika və Rumıniya komandaları da mübarizə aparır. Bu qrupun matçlarına avqustun 28-də yekun vurulacaq.