SİYASƏT


Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə Moskvada “Səfirlik axşamları” adlı tədbir keçirilib

Moskva, 22 oktyabr, AZƏRTAC

Moskvadakı “Tsartsino” Muzey-Qoruğunda ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun Moskvada akkreditə olunmuş diplomatik korpusun duayeni seçilməsinə həsr edilən “Səfirlik axşamları” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyinin və Rusiya Milli Müəllif Hüquqlarının Müdafiəsi Fondunun birgə təşkilatçılığı ilə “İncəsənətdən diplomatiyaya doğru” devizi altında keçirilən tədbirdə Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimaiyyətin təmsilçiləri, siyasi xadimlər iştirak ediblər.

Tədbirdə Azərbaycana həsr olunmuş film nümayiş etdirilib, həmçinin “Tsartsino” Muzey-Qoruğunda saxlanılan Azərbaycana aid 300-dən çox tətbiqi sənət nümunələri barədə məlumat verilib.

Muzey-Qoruğun direktoru Yelizaveta Fokina bildirib ki, bu cür tədbirin keçirilməsi özlüyündə əlamətdar bir hadisədir. Məhz belə tədbirlər ölkələrin tarixinin, mədəniyyətinin tanıdılması baxımından gözəl imkandır. O qeyd edib ki, bu gün daha bir əlamətdar hadisə isə Moskvadakı diplomatik korpusun duayeni funksiyasının Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna keçməsidir.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Azərbaycan səfiri Polad Bülbüloğlunun səmərəli fəaliyyətindən danışıb, ona uğurlar arzulayıb.

Azərbaycanın son illər sürətlə inkişaf etdiyini, bir çox qlobal əhəmiyyətli beynəlxalq layihələri uğurla həyata keçirdiyini deyən İ.Umaxanov parlamentlərarası əlaqələrin də yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Azərbaycanın rusiyadakı səfiri Polad Bülbüloğlu fəaliyyətinə verilən yüksək qiymətə və göstərilən diqqətə görə təşəkkürünü bildirib. Səfir qeyd edib ki, bu günlərdə Moskvanın mərkəzi Tver meydanında Heydər Əliyev Fondu tərəfindən uğurla təşkil olunan “Azərbaycanın payız sovqatları” şəhərciyi ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinə daha bir töhfədir.

Rusiya Müəllif Hüquqları Milli Fondunun nümayəndəsi Vadim Breyev və “Səfirlik axşamları” layihəsinin rəhbəri Anna Genina çıxış edərək bildiriblər ki, bu cür gecələrin keçirilməsində əsas məqsəd Azərbaycanın müasir mədəniyyətinin Rusiyada təbliğinə və humanitar müstəvidə münasibətlərin inkişafına təkan verməkdir.

Tədbir Azərbaycan və dünya bəstəkarlarının musiqilərinin ifası ilə davam etdirilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.