SİYASƏT


Azərbaycanın sədrliyi çərçivəsində Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun növbəti plenar iclası keçirilib VİDEO

Paris, 29 iyun, AZƏRTAC

Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri, səfir Elman Abdullayevin sədrliyi ilə keçirilən iclasda UNESCO Baş direktorunun müavini Sin Ku, eləcə də Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səfirləri iştirak ediblər.

Əvvəlcə iclasın gündəliyi qəbul edilib və UNESCO yanında Qoşulmama Hərəkatına üzv dövlətlərin yeni səfirləri təqdim olunub.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Qoşulmama Hərəkatına ölkəmizin sədrliyi çərçivəsində görülən işlərdən söz açıb. O, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilatın Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsindən, Azərbaycan Prezidenti İlham Əliyev koronavirus əleyhinə peyvəndlərin qlobal miqyasda ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi faktına diqqət çəkərək, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın bu məsələyə laqeyd qalmadığı diqqətə çatdırmasından danışıb. Həmçinin ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində uğurlu fəaliyyətindən ətraflı söhbət açılıb.

UNESCO Baş direktorun müavini, eləcə də kommunikasiya və informasiya üzrə köməkçisi Sin Ku çıxışında COVID-19 pandemiyasına qarşı mübarizə səyləri və 2022-2025-ci illər üçün qurumun orta müddətli strategiyasının əsas istiqamətləri də daxil olmaqla UNESCO-nun strateji transformasiyası haqqında danışıb.

UNESCO yanında Qoşulmama Hərəkatının 2021-ci il martın 30-da keçirilmiş plenar iclasının xülasəsi qəbul olunub.

Plenar iclasda Qoşulmama Hərəkatına üzv dövlətlərin UNESCO-nun müxtəlif orqanlarına namizədlikləri ilə bağlı fikir mübadiləsi aparılıb və onların qarşılıqlı dəstəklənməsi məsələsi müzakirə olunub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.