CƏMİYYƏT


Bəhreynin dövlət informasiya agentliyi Naxçıvanın “İslam mədəniyyətinin paytaxtı” seçilməsindən yazıb

Ər-Riyad, 21 iyun, AZƏRTAC

Bəhreyn Krallığının “Bahrain News Agency” (BNA) dövlət informasiya agentliyinin internet səhifəsində “Azərbaycan Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilməsini qeyd edir” başlıqlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış mərasimində ISESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tuveycrinin, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin və Naxçıvan Muxtar Respublikasının digər rəsmi şəxslərinin iştirak etdikləri bildirilib.

Yazıda Naxçıvan Muxtar Respublikasının qədim tarixindən, mədəniyyətindən, Naxçıvanın muxtariyyət tarixinin 1921-ci ildə imzalanan 2 mühüm beynəlxalq sənəddə - Moskva və Qars müqavilələrində öz əksini tapmasından bəhs olunur. Moskva müqaviləsinin 3-cü, Qars müqaviləsinin isə 5-ci maddəsində muxtariyyətin əsasları, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının ərazisi təsdiq olunub. 1924-cü ildə yaradılan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu vurğulanır.

Məqalədə, həmçinin Naxçıvanda İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlər, bu regionun inzibati ərazi bölgüsü, Naxçıvanın zəngin tarixi-mədəni irsinin qorunub saxlanması üçün elm, təhsil, mədəniyyət və digər sahələrdə atılan addımlar barədə məlumat öz əksini tapıb.

Qeyd edilib ki, mədəni-kütləvi tədbirlər çərçivəsində qonaqlar Naxçıvanın tarixi və mədəniyyət abidələri, muzeyləri və kitabxanaları ilə tanış olacaq, o cümlədən bədii festival, poeziya axşamları və incəsənət sərgilərində iştirak edəcəklər.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.