ELM VƏ TƏHSİL
“Bəxtiyar Vahabzadə - türk dünyası tarixi, mədəniyyəti və ədəbiyyatı” mövzusunda beynəlxalq simpozium
Bakı, 7 iyun, AZƏRTAC
AMEA Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), bu ali məktəbin Şəki və Quba filialları, AMEA Şəki Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə Şəkidə “Bəxtiyar Vahabzadə - türk dünyası tarixi, mədəniyyəti və ədəbiyyatı” mövzusunda beynəlxalq simpozium keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan, Türkiyə və dünyanın müxtəlif ölkələrindən alimlərin iştirak etdiyi simpozium onlayn təşkil olunub.
Simpoziumun açılış mərasimi Şəkidə - görkəmli şair Bəxtiyar Vahabzadənin ev-muzeyində keçirilib. Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, “Dədə Qorqud” filialının müdiri professor Ramazan Qafarlı, Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, ADPU-nun Şəki filialının direktoru dosent Rafiq Rəsulov, B.Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəriyəbəyli, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru dosent Yusif Şükürlü, Türkiyənin İKSAD İnstitutunun prezidenti Lətif Emek istiqlal şairinin yaradıcılıq xüsusiyyətlərindən, müstəqillik ideyalarından, fəlsəfi fikirlərindən, Azərbaycan və türk ədəbiyyatında mövqeyindən söhbət açıblar.
Sonra ADPU-nun Şəki filialında bölmələr üzrə təqdimatlar olub. Akademiyanın, AMEA Şəki Regional Elmi Mərkəzi Folklorşünaslıq və el sənətləri şöbəsinin, Pedaqoji Universitetin, ADPU-nun Şəki filialının, AMEA Nizami Gəncəvi adına Ədədbiyyat İnstitutunun, Hindistanın Mangalore Universitetinin, Türkiyənin Düzce Universitetinin, Kütahya Dumlupınar Universitetinin, Osmaniye Korkut Ata Universitetinin, İranın Islamic Azad Universitetinin tədqiqatçıları hibrid formatda keçirilən sessiyalarda Bəxtiyar Vahabzadənin bədii yaradıcılığı ilə bağlı dəyərli araşdırmalarını təqdim ediblər.
Sonda iştirakçılara sertifikat verilib.