AMB əməkdaşlarının tədqiqat işi Cenevrə Ali İnstitutunun işçi məqalələr silsiləsində dərc edilib
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB), İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyi (SECO) və Cenevrə Ali İnstitutunun İkitərəfli Yardım və Mərkəzi Bankların Potensialının Gücləndirilməsi (BCC) birgə proqramı çərçivəsində tədqiqat işlərinin həyata keçirilməsi davam edir.
AMB-dən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə yerinə yetirilmiş tədqiqat işlərindən biri də “Azərbaycan üçün ərzaq məhsullarının idxal qiyməti indeksinin qurulması və proqnozlaşdırılması” mövzusunda olub. Proqram çərçivəsində müəlliflər – AMB-nin Tədqiqatlar departamentinin əməkdaşları Təmkin Nuriyev, Aygün Qarayeva və Gülzar Tahirova 2026-cı ildə 3 ay ərzində xarici ekspertlə birgə elmi-tədqiqat üzərində çalışıblar. Proqramın yekununda həyata keçirilmiş tədqiqat işi avqust ayında Cenevrə Ali İnstitutunun müvafiq platformasında işçi məqalələr silsiləsində dərc edilib.
İşçi məqaləyə aşağıdakı linkdən istifadə edərək keçid edə bilərsiniz:
https://bccprogramme.org/wp-content/uploads/2026/08/HEIDWP20-2026-Garayeva-Tahirova-Nuriyev.pdf
Müvafiq tədqiqat işi AMB-nin rəsmi saytında işçi məqalələr bölməsində də yerləşdirilib:
Qeyd edək ki, BCC proqramı çərçivəsində həyata keçirilən əməkdaşlıq 2014-cü ildən başlayıb və uğurla davam edir. Sözügedən proqram tədqiqatçıların beynəlxalq ekspertlərlə birbaşa əməkdaşlığını, tədqiqat potensialının gücləndirilməsini və tədqiqat nəticələrinin beynəlxalq platformalarda paylaşılmasını hədəfləməklə AMB-nin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi üçün vacib əhəmiyyət daşıyır. AMB-də tədqiqat potensialının gücləndirilməsinə, tədqiqat işlərinin beynəlxalq səviyyədə tanınmasına xüsusi önəm verilir. Bu istiqamətdə həyata keçirilən layihələrin gələcək illərdə də aktiv şəkildə davam etdirilməsi planlaşdırılır.