SİYASƏT
Deputat: Azərbaycan ermənilərin “böyük Ermənistan” və “Dağlıq Qarabağ respublikası” xülyalarını birdəfəlik dəfn etdi

Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan siyasi-hərbi gedişləri ilə regionda yeni reallıq yaratdı. Məhz 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən çox kəndi, 8 strateji yüksəkliyi azad etməklə Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Eləcə də düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu və beləliklə, Ermənistan ordusu darmadağın edildi.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Azərbaycanın ermənilərin “böyük Ermənistan” və “Dağlıq Qarabağ respublikası” xülyalarını birdəfəlik dəfn etdiyini vurğulayan Sədaqət Vəliyeva bildirib: “30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Artıq reallıq ondan ibarətdir ki, danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklərlə müqayisə edilə bilməz. Heç kəsə sirr deyil ki, 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu və nəinki Azərbaycan Silahlı Qüvvələrini Şuşa şəhərinə, ümumiyyətlə yaxına buraxılmırdı, hətta Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Lakin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev yeni reallıq yaratdı və hazırda Şuşa şəhəri daxil olmaqla, işğal altındakı bütün torpaqlarımızı azad etdi. Sübuta yetirildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz”.
“Hazırda inzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın döyüşsüz, qan tökülmədən geri qaytarılır və dekabrın 1-dək Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunur”, - deyən Sədaqət Vəliyeva əlavə edib ki, Şuşa şəhərinin, Xocavəndin, o cümlədən Hadrut qəsəbəsinin, Kəlbəcərin, Ağdamın, Laçının geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir.
“Eyni zamanda, məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək. Beləliklə, Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşür, hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll edilir. Kəlbəcər, Ağdam və Laçının boşaldılması, Ermənistanla sərhəd bölgələrin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 kilometrlik kiçik Laçın dəhlizi əlaqələndirəcək. Rusiya sülhməramlılarının nəzarəti altında olacaq Laçın dəhlizində Ermənistan hərbçiləri olmayacaq və dəhlizin təhlükəsizliyi Azərbaycan tərəfindən təmin olunacaq. Bir sözlə, hazırkı reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyev status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini Azərbaycan diktə edir”, - deyə deputat vurğulayıb.