SİYASƏT
Deputat: Qarabağı görməyən gənclərimiz bu torpaqlar uğrunda düşünmədən canlarını fəda etdilər
Bakı, 22 oktyabr, AZƏRTAC
2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi ərzində xalqımız öz tarixinin ən şanlı günlərini yaşadı. Bu haqq savaşında Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan igidləri, Azərbaycan Ordusu, Azərbaycan xalqı tarix yazdı. Məhz Vətən müharibəsində əldə etdiyimiz Qələbə sayəsində biz bu gün qalib ölkənin, bütöv Azərbaycanın vətəndaşlarıyıq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva bildirib. O qeyd edib ki, İkinci Qarabağ müharibəsinin Vətən müharibəsi adlandırılması heç də təsadüfi deyil. Çünki bu müharibədə Azərbaycan xalqı öz Vətəninin bütövlüyü uğrunda, vahid amal ətrafında dəmir yumruq kimi birləşərək əsl həmrəylik və birlik nümayiş etdirdi. Hər bir azərbaycanlı həm ön, həm də arxa cəbhədə ölkəmizin mənafeyini müdafiə etmək, qələbəmizə töhfə vermək üçün əlindən gələni edirdi. Hətta Qarabağı görməyən gənclərimiz bu torpaqlar uğrunda düşünmədən canlarını fəda edirdilər. Bu bir daha göstərirdi ki, Azərbaycan xalqında Vətən sevgisi, vətənpərvərlik ruhu nə qədər yüksəkdir.
Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi misilsiz şücaət düşməni qorxuya salmışdı. Xüsusilə Şuşa uğrunda gedən döyüşlərdə igidlərimiz əsl qəhrəmanlıq salnaməsi yazdılar. Erməni əsgəri Şuşa döyüşləri barədə müsahibəsində demişdi: “Azərbaycan əsgərləri Şuşanın ətrafındakı qayalıqlara dırmaşırlar. Dəhşətdir, güllə dəyir, yıxılırlar, yenidən durub qanı axa-axa üstümüzə gəlirlər”. Təkcə bu fakt Azərbaycan əsgərinin Vətən sevgisi haqqında aydın təsəvvür yaradır.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqının, xüsusilə gənc nəslin qələbəmizin əldə edilməsində rolunu yüksək qiymətləndirərək deyib: “Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.
Vətənimizin hər qarış torpağı uğrunda mübarizə aparan, bu şərəfli yolda canlarını qurban verən qəhrəmanlarımızın əziz xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq. Onların sayəsində biz bu gün fəxrlə deyirik: “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”