Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə qəbul planı 100 faiz dolub
Mingəçevir, 4 sentyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu yekunlaşıb.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan edilən ilkin və ikinci tur (boş qalan plan yerlərinə) ixtisas seçimlərinin nəticələrinə əsasən, ali təhsil müəssisəsinin bakalavriat səviyyəsi üzrə tələbə qəbulu planı 100 faiz dolub və 1750 nəfər MDU tələbəsi adını qazanıb. Qazanılan bu nəticə Mingəçevir Dövlət Universitetinin artan nüfuzunun, təklif olunan müasir təhsil imkanlarına göstərilən marağın və abituriyentlər tərəfindən ali təhsil müəssisəsinə olan yüksək etimadın bariz göstəricisidir.
Son illərdə həyata keçirilən məqsədyönlü inkişaf strategiyası çərçivəsində MDU-da mühüm layihələr və yeniliklər icra olunur. Bu istiqamətdə müasir tədris mühitinin formalaşdırılması, əmək bazarının müasir tələblərinə uyğun ixtisas və proqramların inkişaf etdirilməsi, akademik heyətin potensialının gücləndirilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına yönəlmiş imkanların yaradılması prioritet vəzifələr kimi həyata keçirilir. Əldə olunan 100 faizlik qəbul göstəricisi universitetdə aparılan ardıcıl islahatların və inkişaf kursunun məntiqi nəticəsidir.
Müxbir – Vüsalə Cənnətova