Dövlət satınalmaları üzrə vahid internet portalı təqdim olunub




Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də dövlət satınalmaları üzrə vahid internet portalı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və digər aidiyyəti dövlət orqanlarının, satınalan təşkilatların nümayəndələri və ekspertlər iştirak edib. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verib.
Vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə sahibkarlığın genişləndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri sistemli və ardıcıl olaraq davam etdirilir, müasir çağırışlara cavab verən dəstək mexanizmləri tətbiq olunur.
Diqqətə çatdırılıb ki, elektron dövlət satınalmaları sisteminin yaradılması dövlət təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması üzrə keçirilən müsabiqələrdə şəffaflığın artırılması istiqamətində həyata keçirilən tədbirlərdəndir. Yeni portal satınalmalar üzrə müsabiqələrin aşkarlıq, ədalətli rəqabət şəraitində təşkili, dövlət satınalmalarında elektron vasitələrin tətbiqi ilə şəffaflığın daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq vahid internet portalının yaradılması ölkədə yeni elektron satınalma modelinə keçidi, dövlət satlınalmalarının effektiv planlaşdırılması və icrasını nəzərdə tutur. Bildirilib ki, yeni portal vasitəsilə tender komissiyasının iclaslarının virtual təşkili, satınalmaların nəticələrinin avtomatik rejimdə müəyyən olunması və qərarın bir bank günü ərzində qəbulu, dövlət vəsaitinin istifadəsi zamanı şəffaflığın daha da artması təmin olunacaq.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Bahadır Qasımov dövlət satınalmaları ilə bağlı qanunvericilik, Dünya Bankının Azərbaycan nümayəndəliyinin layihələr üzrə baş assistenti Vüsalə Əsədova isə elektron satınalmalar sahəsində beynəlxalq təcrübə barədə tədbir iştirakçılarına məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin direktoru Fariz Cəfərov dövlət satınalmaları üzrə vahid internet portalının təqdimatını keçirib.
Yeni portal malların (xidmətlərin) elektron satınalma vasitəsilə həyata keçirilməsi imkanı yaradır. Elektron satınalma modeli çərçivəsində dövlət satınalınmasının planlaşdırılması, tender təklifinin qəbul olunması və iddiaçıların hüquqlarının qorunması üzərində təkmil nəzarət mexanizmi artıq vahid internet portalı vasitəsilə həyata keçiriləcək.