Vidadi Qafarov: Azərbaycan-Özbəkistan teatr əlaqələri uzun və zəngin tarixə malikdir
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan-Özbəkistan teatr əlaqələri uzun və zəngin tarixə malikdir. Bu münasibətlərin əsası XX əsrin əvvəllərində qoyulub və Azərbaycan teatr xadimlərinin Orta Asiyada, o cümlədən Özbəkistanda teatr sənətinin inkişafında mühüm rolu olub.
Bunu AZƏRTAC-a açıqlamasında sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, AMEA Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri Vidadi Qafarov deyib.
“Həmin dövrdə Azərbaycan dramaturgiyasının nümunələri Orta Asiyada tamaşaya qoyulur, Azərbaycan teatr xadimləri isə müxtəlif səfərlərdə və yaradıcılıq fəaliyyətlərində iştirak edirdilər. Xüsusilə Sidqi Ruhulla və Cəlil Bağdadbəyov kimi sənətkarların fəaliyyəti bu əlaqələrin inkişafında mühüm yer tutur. Azərbaycan dramaturqlarının əsərləri də özbək səhnəsində geniş yer alıb. Üzeyir Hacıbəylinin əsərləri ilə yanaşı, Azərbaycan klassik dramaturgiyasının digər nümunələri də Özbəkistanda tamaşaya qoyulub. Bu baxımdan Azərbaycan teatrı özbək sənətkarları üçün mühüm yaradıcılıq və təcrübə mənbələrindən biri olub”, - deyə Vidadi Qafarov əlavə edib.
O xatırladıb ki, Azərbaycanın rejissor və aktyorları müxtəlif layihələrdə, festivallarda iştirak ediblər:
“Eyni zamanda, özbək teatr kollektivləri də Azərbaycanda keçirilən tədbir və festivallara qatılıblar. Bu ənənə müasir dövrdə də qorunub saxlanılır. 2025-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Özbəkistan Milli Akademik Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd dramaturgiya və tamaşa mübadiləsini, rejissor, aktyor, səhnə tərtibatçısı və kostyum ustalarının yaradıcılıq mübadiləsini, eləcə də forum və ustad dərslərinin keçirilməsini nəzərdə tutur.
Bütün bunlar göstərir ki, Azərbaycan-Özbəkistan teatr əlaqələri yalnız tarixi əməkdaşlıq nümunəsi deyil, həm də bu gün yeni yaradıcılıq layihələri və qarşılıqlı təcrübə mübadiləsi ilə davam etdirilən möhkəm mədəni ənənədir”.
Müxbir - Fidan Əlizadə