Mustafa Aşurov: Azərbaycan–Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin inkişafında incəsənətin, o cümlədən musiqinin xüsusi rolu var. Son illərdə keçirilən qarşılıqlı konsertlərin, musiqi proqramlarının və yaradıcılıq layihələrinin təşkili sənətçilərimizin bir-birinin musiqi ənənələri ilə tanış olmasına, eyni zamanda, iki xalqın ortaq dəyərlərinin sənət vasitəsilə ifadəsinə imkan yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Əməkdar Kollektivi – Dövlət Mahnı və Rəqs Ansamblının direktor-baş dirijoru, Beynəlxalq Muğam Mərkəzinin Əməkdar Kollektivi – Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin dirijoru, Prezident mükafatçısı Mustafa Aşurov deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərləri çərçivəsində mədəni tədbirlərə və incəsənət layihələrinə də xüsusi diqqət göstərilməsi iki ölkə arasındakı münasibətlərin çoxşaxəli xarakter daşıdığını nümayiş etdirir. M.Aşurovun sözlərinə görə, dövlət başçıları səviyyəsində yaradılan möhkəm siyasi dialoq mədəniyyət və incəsənət sahəsində yeni əməkdaşlıq imkanlarının yaranmasına da şərait yaradır.
O qeyd edib ki, Azərbaycan və Özbəkistan sənətçilərinin birgə konsertləri bu əməkdaşlığın ən təsirli istiqamətlərindən biridir. Belə səhnələrdə Azərbaycan muğamının, xalq və bəstəkar musiqisinin özbək musiqi ənənələri ilə yanaşı təqdim olunması tamaşaçıya iki mədəniyyətin həm fərqli, həm də bir-birinə nə qədər yaxın olduğunu göstərir.
M.Aşurovun fikrincə, son illərdə keçirilən mədəniyyət günləri, “Şuşa günləri”, sərgilər və konsertlər təsadüfi tədbirlər deyil, iki ölkə arasında formalaşmış davamlı mədəni əməkdaşlığın göstəricisidir. Bu layihələrin sayının və coğrafiyasının genişlənməsi Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin gələcəkdə də yeni məzmun qazanacağını göstərir.
“Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası, Daşkənddə Heydər Əliyev Meydanının yaradılması kimi təşəbbüslər də iki ölkə arasındakı münasibətlərin müxtəlif sahələri əhatə etdiyini göstərir. Bütün bunlar Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətlərinin yalnız siyasi müstəvidə deyil, insanların gündəlik həyatında, təhsilində və mədəni dünyagörüşündə də özünü göstərdiyini təsdiqləyir", - deyə Mustafa Aşurov qeyd edib.
O diqqətə çatdırıb ki, Azərbaycan–Özbəkistan arasında mədəni əlaqələrin inkişafına öz sənəti ilə töhfə vermək məqsədilə bir sıra Özbəkistan musiqilərini Azərbaycan Xalq Çalğı Alətləri Orkestri üçün orkestrləşdirib və həmin əsərləri orkestrin ifasında təqdim edib. Mustafa Aşurovun sözlərinə görə, bu cür yaradıcılıq təşəbbüsləri iki qardaş xalqın zəngin musiqi irsinin qarşılıqlı tanıdılmasına və mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.
Müxbir - Gülay Nəzərova