DÜNYA


Fumio Kişida Yaponiyanın Baş naziri seçilib

Tokio, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da Yaponiya parlamentinin aşağı palatası hakim Liberal Demokratik Partiyanın (LDP) sədri Fumio Kişidanı yenidən ölkənin yeni Baş naziri seçib.

AZƏRTAC xəbər verir ki, seçki prosesi parlamentin saytında canlı yayımlanıb. F.Kişidanın namizədliyini parlamentin aşağı palatasının 465 deputatından 297-si dəstəkləyib. Onların əksəriyyəti koalisiyalı hökuməti təşkil edən LDP və “Komeyto” Partiyasından seçilmiş deputatlardır. Əsas müxalifət partiyası sayılan Konstitusiyalı Demokratlar Partiyasının lideri Yukio Edano cəmi 108 səs toplaya bilib.

Parlamentin yuxarı palatasında keçirilən seçkidə isə F.Kişida 242 mümkün səsdən 141-ni, Y.Edano isə cəmi 60-nı əldə edib. Yaponiya qanunvericiliyinə əsasən, parlamentin aşağı palatası yuxarı palatadan üstün hesab edilir və burada keçirilən səsvermə hökumət başçısının təyin olunmasında əsas rol oynayır.

Xatırladaq ki, Fumio Kişida sentyabrın 29-da hakim LDP-nin sədri, oktyabrın 4-də isə Baş nazir seçilib. Onun yenidən Baş nazir seçilməsi oktyabrın 31-də parlamentin aşağı palatasına keçirilən seçkilərdən sonra formal xarakter daşıyır. Həmin seçkilərdə LDP böyük üstünlüklə (465 yerdən 261 yer) qalib gəlib.

Baş nazir F.Kişidanın yeni hökuməti noyabrda koronavirus pandemiyası fonunda iqtisadiyyatı dirçəltmək üçün yeni təkliflər paketini irəli sürməyi planlaşdırır. Paketin ümumi həcminin 30 trilyon yen (265 milyard dollar) təşkil edəcəyi gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.