MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrı mövsümə “Leyli və Məcnun “ tamaşası ilə yekun vuracaq
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90-cı mövsümü repertuar tamaşalarının nümayişi ilə yanaşı, yaradıcılıq planına uyğun olaraq hazırlanan yeni səhnə əsərləri, yerli və xarici beynəlxalq teatr festivalları və müsabiqələrdən uğurlu nəticələri ilə yaddaqalan olub. Belə ki, teatr yola salmağa hazırlaşdığı 90-cı mövsüm ərzində bir sıra yeni layihələri ilə tamaşaçıların qarşısına çıxıb. Kollektiv mövsüm müddətində 10-dan artıq beynəlxalq teatr festivalında Azərbaycanı təmsil edib, bir beynəlxalq layihəyə imza atıb. Həmçinin mövsüm müddətində məktəblilər və böyüklər üçün birlikdə 12 yeni səhnə əsəri hazırlayaraq tamaşaçıların ixtiyarına verib. Sevindirici haldır ki, Cümhuriyyətin 100 illiyi ərəfəsində ölkə başçısının Sərəncamı ilə bir qrup mədəniyyət xadimlərinə fəxri adlar verilib və bu adların siyahısında teatrımızın aktyorlarının da adı yer alıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki,
Teatr özünün 90-cı mövsümünə iyulun 15-də yekun vurur. Həmin gün günorta saat 14.00-da balaca tamaşaçılar üçün “Çippolino”, saat 19-da isə orta əsr dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunacaq.
Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar Artist Nicat Kazımovdur. Quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı Həmid Kazımzadə, tryukların quruluşçusu İsa Əsədov, rejissoru Müşviq Əliyev, rejissor assistenti Günay Qasımovadır.
Yeni tamaşada rolları teatrın aktyorları ifa edəcəklər.