ELM VƏ TƏHSİL


“Gizli istiqlalçılar” sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dəyərli töhfədir

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində “ARB Aranfilm”in ərsəyə gətirdiyi “Gizli istiqlalçılar” sənədli filminin təqdimatı keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, tədbirdə qurumun icraçı direktoru Oktay Səmədov əhali arasında maarifçilik işinin həyata keçirilməsində, gənclərin dünyagörüşünün genişlənməsində sənədli filmlərin rolundan danışıb. İcraçı direktorun sözlərinə görə, Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində yaradılmış “Kinoklub” məhz elmi-kütləvi, sənədli filmlər vasitəsilə gənc nəslin maarifləndirilməsinə xidmət edir. Bildirilib ki, klubun ilk toplantısında nümayiş etdirilən “Gizli istiqlalçılar” sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dəyərli töhfədir.

“ARB Aranfilm” yaradıcılıq mərkəzinin bədii rəhbəri Tahir Tahiroviç tədbir iştirakçılarına yaradıcılıq prosesində baş verən maraqlı məqamlardan söhbət açıb. T.Tahiroviç ekran əsərində Cümhuriyyətin süqutundan sonra Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Milli Müqavimət Hərəkatı adlandırılmış Sol Müsavat Firqəsinin qərarı ilə Bakıda gizli çap edilən “İstiqlal” qəzeti haqqında maraqlı faktların əks olunduğunu bildirib.

Filmin ideya müəllifi professor Qulu Məhərrəmli Cümhuriyyət tariximizin öyrənilməsində və təbliğində bu cür sənədli filmlərin rolundan bəhs edib.

Film professor Asif Rüstəmlinin tədqiqatları əsasında çəkilib. Filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Əminə Həsənli, icraçı prodüseri Nicat Məmmədov, prodüseri İqbal Məmmədəliyevdir.

Filmin nümayişindən sonra Bilik Fondunun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubu, “Gənc jurnalistlər” və “Kinoklub” üzvlərinin, “Mizan” Tələbə Dram Dərnəyinin və fondda təcrübə keçən ali məktəb tələbələrinin iştirakı ilə keçirilən tədbir müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.