İQTİSADİYYAT
İstanbulda “SOCAR-Türkiyə”nin yeni inzibati binasının açılışı olub VİDEO
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mərasim keçirilib
İstanbul, 11 iyun, AZƏRTAC
İstanbulda “SOCAR-Türkiyə” şirkətinin yeni inzibati binasının açılışı olub, yeni binada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin əziz xatirəsi yad olunub.
SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldakı baş konsulu Məsim Hacıyev, SOCAR-Türkiyənin İdarə Heyətinin sədri Vaqif Əliyev, “SOCAR-Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov və digər rəsmi şəxslər Ulu Öndərimizin parkda ucalan heykəli önünə gül dəstələri düzüblər.
Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün büstü önünə də gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.
Sonra “SOCAR-Türkiyə”nin yeni binasının açılışı olub.
Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan mərasim ümummilli lider Heydər Əliyev və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün əziz xatirələrinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin çıxışları dinlənilib.
Müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və keçdiyi şərəfli yoldan danışan SOCAR-ın prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevin məlum Sərəncamı ilə 2018-ci ilin “Cümhuriyyət İli” elan olunmasının əhəmiyyətindən danışıb.
Azərbaycan-Türkiyə münasibətlərinin ulu öndəri Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun inkişaf etdiyini diqqətə çatdıran SOCAR-ın prezidenti deyib: “Türkiyədə var gücümüzlə çalışırıq. 2008-ci ildən bəri Türkiyədə yatırımlarımıza davam edərək, Türkiyənin ən böyük xarici investoru ünvanını qazanmışıq. Yatırımlarımız tamamlandığında Türkiyəyə ümumilikdə 19,5 milyard ABŞ dolları sərmayə yatırmış olacağıq”.
TANAP layihəsindən danışan Rövnəq Abdullayev deyib: ““21-ci əsrin layihəsi” olaraq səciyyələndirilən bu nəhəng layihə Azərbaycan və Türkiyə dövlətlərinin birgə səylərinin nəticəsidir. Bu ilin sonuna qədər isə Aliağada STAR Rafineri, Petlim Konteyner Limanı və Petkim RES-in açılışları nəzərdə tutulub”.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, süqutunun səbəbləri, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafdan danışıb. Səfir qeyd edib ki, iki qardaş ölkənin hərtərəfli inkişafı münasibətlərimizdəki tarixi qardaşlığı əzmlə qorunmasından qaynaqlanır.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını müsəlman-türk dünyasında dünyəvi dövlət quruculuğunda böyük tarixi hadisə kimi dəyərləndirən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver Cümhuriyyətimizin demokratik və milli dövlətçilik ənənələrinin müasir dövlətimizdə qorunmasından danışıb. Akkan Suver qeyd edib ki, ulu öndər Heydər Əliyevin ideyalarına sadiq olan Azərbaycan dövləti özünün hərtərəfli inkişafı ilə tarix yazmaqdadır.
Çıxışlarda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın neft strategiyasının böyük nəticələrindən, iyunun 12-də istifadəyə veriləcək Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) əhəmiyyətindən, o cümlədən Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrindən bəhs olunub. Diqqətə çatdırılıb ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri ümummilli lider Heydər Əliyev və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün ideyaları əsasında dinamik inkişafdadır. Bu nailiyyətlərin əldə olunmasında Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi münasibətləri və siyasi iradələri böyük gücə malikdir.
Çıxışçılar əmin bildiriblər ki, yeni binada fəaliyyətini davam etdirəcək “SOCAR-Türkiyə” qardaş ölkənin iqtisadiyyatında mühüm işlər görəcək. Ən müasir avadanlıq və texnologiyalarla təchiz olunan bu binada işçilərin rahat fəaliyyəti üçün bütün şərait yaradılıb.
Qeyd edək ki, binada Azərbaycan tarixi və müasir inkişafını əks etdirən elektron tablolar quraşdırılıb, rəsm əsərləri nümayiş olunur. Giriş mərtəbəsindəki gözləmə salonunda Azərbaycanla bağlı nadir kitablar düzülüb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul