Türkiyədə Malazgirt Zəfərinin 955-ci ildönümü qeyd edilir
İstanbul, 26 avqust, AZƏRTAC
Türkiyədə 1071-ci ildə Böyük Səlcuq dövlətinin Bizans imperiyası üzərində qazandığı Malazgirt Zəfərinin 955-ci ildönümü qeyd olunur.
AZƏRTAC xəbər verir ki, tarixi qələbənin ildönümü münasibətilə Türkiyənin Muş vilayətinin Malazgirt rayonunda silsilə tədbirlər keçirilir. Əsas mərasim Malazgirt Milli Parkında təşkil olunub. Tədbirdə Türkiyənin dövlət və hökumət nümayəndələri də iştirak ediblər.
Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt Zəfərinin türklərin tarixində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Dövlət başçısı tarixi qələbə münasibətilə Türkiyə xalqını təbrik edib və Malazgirt Zəfərinin Anadolu tarixində yeni mərhələnin başlanğıcı olduğunu bildirib.
Prezident Türkiyənin heç bir dövlətin ərazisində, suverenliyində və sərvətlərində gözünün olmadığını, ölkəsinin isə milli maraqlarından və hüquqlarından geri çəkilməyəcəyini vurğulayıb.
Xatırladaq ki, Malazgirt döyüşü 1071-ci il avqustun 26-da indiki Türkiyənin Muş vilayətinin Malazgirt rayonunda Böyük Səlcuq hökmdarı Sultan Alp Arslanın qoşunları ilə Bizans imperatoru Romen Diyojenin ordusu arasında baş verib. Döyüş Səlcuq ordusunun qələbəsi ilə başa çatıb. Tarixi mənbələrə görə, Bizans imperatoru Romen Diyojen döyüş zamanı əsir götürülüb və daha sonra Sultan Alp Arslan tərəfindən azad edilib.
Malazgirt Zəfəri Anadolunun siyasi və demoqrafik tarixində mühüm dönüş nöqtəsi hesab olunur. Qələbədən sonra türklərin Anadoluda məskunlaşması və bölgədə siyasi hakimiyyətlərinin möhkəmlənməsi sürətlənib. Bu hadisə sonrakı dövrlərdə Anadolu Səlcuq dövlətinin yaranması və bölgədə türk siyasi varlığının güclənməsi üçün mühüm zəmin yaradıb.