Valdas Dambrauskas: Dünyanın ən xoşbəxt baş məşqçisiyəm
Bakı, 26 avqust, AZƏRTAC
Bu gecə yaşananları sözlə ifadə etmək çətindir. Möhtəşəm atmosfer var idi. Azarkeşlərimizə minnətdaram, hər birini qucaqlayıram. Futbolçularım bu gün çox ağır işin öhdəsindən gəldilər. Onlarla fəxr edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubuna qarşı keçirilən cavab oyunundan sonra (5:2) təşkil olunan mətbuat konfransında deyib.
Litvalı mütəxəssis bildirib ki, “Sabah” karyerası ərzində çalışdırdığı ən yaxşı komandadır: “Artıq dünyanın ən nüfuzlu futbol turnirinin əsas mərhələsində oynayacağıq. Hazırda özümü dünyanın ən xoşbəxt baş məşqçisi hesab edirəm”.
Baş məşqçi “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsi üçün heyət planlamasına da toxunub. O bildirib ki, turnirdə iştirak ərizəsinə 17 legioner futbolçu daxil edilib və yeni transfer baş tutacağı təqdirdə onlardan birinin siyahıdan çıxarılması lazım gələcək.
“Çempionlar Liqası üçün artıq futbolçuları müəyyənləşdirmişik. Bu səbəbdən hazırda yeni transfer barədə düşünmürük. Əgər heyətə yeni oyunçu cəlb etsək, mövcud futbolçulardan biri iştirak ərizəsindən kənarda qalmalıdır. Sizcə, həmin oyunçulardan hansı buna layiqdir?” – deyə baş məşqçi qeyd edib.
V.Dambrauskas oyunun gedişində buraxılan qola da münasibət bildirib: “Hapoel”in pressinqi çox güclü idi. Buraxdığımız qolda da məhz rəqibin bu xüsusiyyəti özünü göstərdi”.
Qeyd edək ki, Azərbaycan çempionu pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) kollektivini mübarizədən kənarlaşdırıb - 6:4 (ümumi hesab).