UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Özbəkistan arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri elmi problemlərin həllinə yönəlmiş birgə tədqiqatlardır. Bu il Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyi arasında keçirilən birgə müsabiqədə UNEC-in iştirakı elmi əməkdaşlığın real nəticələr verdiyini təsdiqləyir.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.
Təqdim olunan layihələrdən biri “Pambıqtəmizləmə zavodlarından çıxan üzvi tullantılardan bioqaz istehsalı və pambıq qurutma prosesində istifadəsi” mövzusuna həsr olunub. UNEC ilə Fərqanə Dövlət Texniki Universiteti arasında tərəfdaşlıq çərçivəsində hazırlanan tədqiqatda pambıq sənayesində yaranan üzvi tullantıların alternativ enerji mənbəyinə çevrilməsi, həmçinin əldə edilən bioqazın pambığın qurudulması prosesində istifadəsi imkanlarının araşdırılması nəzərdə tutulur. Layihə kənd təsərrüfatı istehsalında enerji səmərəliliyinin artırılması və tullantıların faydalı resursa çevrilməsi baxımından xüsusi aktuallıq daşıyır.
Digər birgə tədqiqat “Buğda bitkisində duz stresinin təsirinin kiçik dozalı qamma şüalanma və humin birləşmələrin tətbiqi ilə azaldılması: Özbəkistan və Azərbaycan iqlimi şəraitində duza davamlı sortların fenotipik və genetik qiymətləndirilməsi” mövzusuna həsr olunub. UNEC ilə Cənub Kənd Təsərrüfatı Tədqiqat İnstitutu arasında tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihə torpaqların şoranlaşması və iqlim dəyişiklikləri fonunda kənd təsərrüfatı məhsuldarlığının qorunması kimi mühüm məsələnin araşdırılmasına yönəlib.
Elmi əməkdaşlığın digər istiqamətlərindən biri kənd təsərrüfatı məhsullarının emalı və saxlanması texnologiyalarının təkmilləşdirilməsidir. UNEC ilə Buxara Dövlət Universitetinin tərəfdaşlığı çərçivəsində həyata keçirilən “Elektrofiziki emal üsullarının tətbiqi ilə meyvə və tərəvəzlərin kombinə edilmiş qurudulmasının yüksəkeffektli texnologiyasının işlənməsi” layihəsində meyvə və tərəvəzlərin daha səmərəli qurudulması məqsədilə müasir elektrofiziki üsulların tətbiqi imkanları araşdırılır. Tədqiqatın nəticələri kənd təsərrüfatı məhsullarının emalında enerji səmərəliliyinin artırılması və onların saxlanma imkanlarının yaxşılaşdırılması baxımından əhəmiyyət daşıyır.
Azərbaycan Milli Elmlər Akademiyası ilə Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında əməkdaşlıq çərçivəsində keçirilən layihə müsabiqəsində UNEC və Özbəkistan Elmlər Akademiyasının S.A. Əzimov adına Fizika-Texniki İnstitutu tərəfindən tərəfdaşlıq əsasında “Həcmi heterokeçidlər əsasında effektiv günəş elementləri” mövzusunda layihə təqdim olunub. Günəş enerjisindən səmərəli istifadə imkanlarının araşdırılmasına yönəlmiş bu layihə UNEC-in Özbəkistanla elmi əməkdaşlığının iqtisadiyyat və idarəetmə sahələri ilə məhdudlaşmadığını, enerji və yüksək texnologiyalar kimi strateji istiqamətləri də əhatə etdiyini göstərir.
Beləliklə, UNEC ilə Özbəkistan arasında elmi əməkdaşlığın həm coğrafiyası, həm də tematik çərçivəsi ildən-ilə genişlənir. Alternativ enerji, yaşıl iqtisadiyyat, kənd təsərrüfatı texnologiyaları, ərzaq təhlükəsizliyi, süni intellekt və dayanıqlı inkişaf kimi istiqamətlərin əhatə olunması iki ölkənin alimləri arasında bilik və təcrübə mübadiləsi ilə yanaşı, gələcəyin çağırışlarına birgə elmi həllərin hazırlanmasına da imkan yaradır.
Elmi tərəfdaşlığın mühüm platformalarından biri də beynəlxalq konfranslardır. UNEC-də ənənəvi olaraq keçirilən “Mühəndislik və tətbiqi elmlərin aktual problemləri” beynəlxalq elmi-praktik konfransı Özbəkistanın Elmlər Akademiyasının S.A.Əzimov adına Fizika-Texniki İnstitutunun tərəfdaşlığı ilə təşkil olunur. Bundan əlavə, UNEC-in Türk dünyası iqtisad fakültəsinin təşkilatçılığı ilə süni intellekt və rəqəmsal transformasiya mövzusunda keçirilən II Beynəlxalq Türk Dünyası İqtisad Konfransında (ITWEC 2026) Özbəkistanın ali təhsil müəssisələri də tərəfdaş qismində fəal iştirak ediblər.
Bu platformalar alimlər arasında elmi nəticələrin və təcrübələrin mübadiləsi, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də beynəlxalq elmi layihələrin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.