Professor İlham Məmmədzadə: Kokand Universiteti ilə birgə beynəlxalq konfrans planlaşdırılır
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycan və Özbəkistan arasında tarixi, mədəni və mənəvi yaxınlığa əsaslanan strateji tərəfdaşlıq elm və təhsil sahələrində də uğurla inkişaf edir. Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin siyasi iradəsi iki ölkə arasında elmi və akademik əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə bildirib.
İlham Məmmədzadənin sözlərinə görə, Fəlsəfə və Sosiologiya İnstitutu Özbəkistanın elmi-tədqiqat və ali təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Əməkdaşlığın əsas istiqamətlərini fəlsəfə, sosiologiya, sosial-humanitar elmlər, ictimai fikir, Türk dünyasının ortaq elmi-mədəni irsi və Azərbaycan–Özbəkistan intellektual ənənələrinin tədqiqi təşkil edir. Bu istiqamətdə alim və tədqiqatçılar arasında fikir və təcrübə mübadiləsi aparılır, birgə elmi-tədqiqat və nəşr layihələri hazırlanır, beynəlxalq elmi tədbirlərdə qarşılıqlı iştirak təmin olunur. Fəlsəfə və Sosiologiya İnstitutu ilə Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti arasında 2021-ci ildə imzalanmış əməkdaşlıq memorandumu ikitərəfli elmi əlaqələrin institusional əsaslarını daha da möhkəmləndirib. Memorandum elmi-tədqiqat və metodiki fəaliyyətin əlaqələndirilməsini, elmi məlumat və təcrübə mübadiləsini, eləcə də tədris və tədqiqat işlərinin səmərəliliyinin artırılmasını nəzərdə tutur.
Müsahibimiz diqqətə çatdırıb ki, əməkdaşlığın mühüm istiqamətlərindən biri Əl-Fərabi, İbn Sina, Əlişir Nəvai, Mirzə Uluqbəy və digər böyük mütəfəkkirlərin zəngin irsinin birgə araşdırılmasıdır. Bu tədqiqatlar Türk dünyasının ümumi intellektual və mədəni irsinin sistemli şəkildə öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, fəlsəfə və sosiologiyanın aktual problemləri üzrə fikir mübadiləsinin aparılması, gənc alimlər arasında əlaqələrin genişləndirilməsi və onların beynəlxalq akademik mühitə inteqrasiyasının dəstəklənməsi də əməkdaşlığın prioritet istiqamətlərindəndir.
O qeyd edib ki, 2026-cı ilin oktyabr ayında Kokand Universiteti ilə birgə beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Konfrans çərçivəsində fəlsəfə, sosiologiya, ictimai fikir, milli-mədəni identiklik, Türk dünyasının sosial-intellektual inkişafı, müasir cəmiyyətin transformasiyası və sosial-humanitar elmlərin aktual problemləri müzakirə ediləcək. Gözlənilir ki, beynəlxalq konfrans yeni elmi-tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə, Azərbaycan və Özbəkistan alimləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə və yeni birgə layihələrin formalaşdırılmasına mühüm töhfə verəcək. Fəlsəfə və Sosiologiya İnstitutu gələcəkdə birgə elmi layihələrin həyata keçirilməsini, monoqrafiya və elmi məqalələrin hazırlanmasını, alim və tədqiqatçı mübadiləsinin genişləndirilməsini, həmçinin elmi konfrans, seminar və dəyirmi masaların keçirilməsini əsas prioritetlərdən hesab edir.
Professor əlavə edib ki, Azərbaycan–Özbəkistan elmi əməkdaşlığının inkişafı yalnız iki ölkənin akademik potensialının qarşılıqlı zənginləşdirilməsinə deyil, həm də Türk dünyasının vahid elmi-mədəni məkanının formalaşmasına və inkişafına xidmət edir.
Müxbir - Tünzalə Arazlı