REGİONLAR


Keçmiş döyüşçü: Uğurlu Horadiz əməliyyatını təkrarlamağa hazırıq

Füzuli, 5 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Ordusunun 1994-cü ilin yanvarında həyata keçirdiyi uğurlu Horadiz əməliyyatından 25 il keçir. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi - Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib.

Horadiz əməliyyatı zamanı hərbi hissənin kəşfiyyat bölüyünün komandiri olmuş İlham Ağalar AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: "Əməliyyatdan əvvəl ulu öndər Heydər Əliyev Silahlı Qüvvələrin döyüş hazırlığı ilə tanış olmaq üçün təlim düşərgəsinə gəlmişdi. O, bizim bölüyün əlbəyaxa döyüş dərsini izləyərək yüksək qiymətləndirdi. Sonra Horadiz kimi strateji əhəmiyyətli bölgəni işğaldan azad etmək bizim hərbi hissəyə həvalə olundu. Horadiz əməliyyatından öncə düşmənin əsas və ehtiyat qüvvələri, marşrutları diqqətlə öyrənildi. Yanvarın 4-dən 5-nə keçən gecə desant qruplaşması ilə cəbhə xəttini keçib düşmənin arxasında önəmli nöqtələri tutduq. Sabahısı gün ordumuzun ümumi hücumunda düşmənin köməyə gələn hissələrinə zərbələr endirdik və beləliklə qısa bir vaxtda 22 yaşayış məntəqəsini işğaldan azad etdik. Düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi, onlarla döyüş texnikası, xeyli silah-sursat qənimət kimi ələ keçirildi".

İlham Ağalar düşmənin yaşayış məntəqələrimizi bir-birinin ardınca işğal etdiyi, Azərbaycan Ordusunda ruh düşkünlüyünün yaşandığı dövrdə həyata keçirilən Horadiz əməliyyatının Qarabağ müharibəsi tarixində xüsusi yeri olduğunu bildirib. "Horadiz əməliyyatının əhəmiyyəti həm də ondadır ki, Azərbaycan əsgərinin döyüş ruhu geri qaytarıldı. Azərbaycan Ordusu Horadiz əməliyyatı ilə qələbə əzmini bir daha sübut etdi. Horadiz əməliyyatının davamı olaraq, 2016-cı ildə Aprel döyüşləri nəticəsində yüksək strateji əhəmiyyətə malik Lələtəpə və Talış yüksəkliklərinin düşməndən azad edilməsi xalqımızın qələbə inamını daha da artırdı. Bir daha göstərdi ki, Azərbaycan xalqı işğalla heç zaman barışmayacaq. Əminəm ki, Azərbaycan Ordusunun 1994-cü il Horadiz əməliyyatı və 2016-cı ilin Aprel döyüşləri zamanı qazandığı qələbələrin davamı gələcək, üçrəngli bayrağımız hazırda işğal altında olan digər torpaqlarımızda da dalğalanacaq. Bu yolda mən və digər keçmiş döyüşçülər yenidən müharibə meydanına atılmağa, illər öncə həyata keçirilən uğurlu əməliyyatları təkrarlamağa hazırıq”, – deyə İlham Ağalar bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.