ELM VƏ TƏHSİL
“Məktəb liderliyi” proqramının açılış mərasimi keçirilib
Bakı,17 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji İnkişaf Mərkəzi Təhsil Nazirliyi ilə birgə gələcəkdə dövlət ümumtəhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün “Məktəb liderliyi” proqramını icra edir. Aprel-may ayları ərzində proqrama sənəd qəbulu aparılıb və seçim imtahanları keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, açılış mərasimində çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetdə müəllim hazırlığı istiqamətində yeni yanaşmalardan danışıb. Rektor təhsil sahəsində yeni nəsil liderlərin yetişdirilməsi məqsədilə universitetdə bir sıra proqramların icra olduğunu, yaxın zamanlarda ABŞ-ın Corc Vaşinqton Universiteti ilə təhsil siyasəti və idarəetmə ixtisası üzrə icra olunan ikili diplom magistr proqramının ilk buraxılışının keçirildiyini diqqətə çatdırıb.
Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev qeyd edib ki, məktəblərdə müasir təfəkkürlü və səriştəli idarəçilərin və müəllimlərin yetişdirilməsi nazirliyin əsas hədəflərindəndir və bu istiqamətdə Pedaqoji Universitet geniş imkanlara malikdir.
ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva “Məktəb liderliyi” proqramı haqqında təqdimatla çıxış edib. Qeyd olunub ki, proqram çərçivəsində məktəb performansını yüksəltmək və şagird nailiyyətlərini artırmaq məqsədilə müasir çağırışlara cavab verən təhsil liderləri (idarəediciləri) hazırlanacaq. Seçilmiş 50 nəfərə Türkiyənin və Azərbaycanın tanınmış mütəxəssisləri tərəfindən tədrisin təşkili, təhsildə qiymətləndirmə və monitorinq, məktəbdə səmərəli ünsiyyətin, sağlam psixoloji mühitin təşkili və idarə edilməsi modulları üzrə 145 saatlıq təlim kursu keçiriləcək.
Modulları tədris edəcək mütəxəssis heyətinə Türkiyənin Başkent Universitetinin Təhsil fakültəsinin müəllimi, Təhsil Elmləri İnstitutunun müdiri professor Servet Özdemir, Karabük Universitetinin professoru Ali Çağatay Kılınç, TED Universitetinin Təhsil fakültəsinin dekanı professor Yüksel Kavak və başqaları daxildir.