MƏDƏNİYYƏT


Mixail Turetski: Bakıda mənzil almaq istəyirəm, burada mənalı istirahət etmək olar VİDEO

Moskva, 13 oktyabr, AZƏRTAC

Bakı qonaqpərvər, möhtəşəm şəhərdir. Görünür ki, paytaxta çoxlu vəsait qoyulub və onun sakinləri üçün sevimli şəhərə çevrilib. Bakıda əla restoranlar, gözəl muzeylər, qeyri-adi qədim memarlıq və XXI əsrin yenilikçi arxitekturası var. Mehmanxanaları, təbiəti və şəhərin havasını çox bəyəndim. Azərbaycanlılar olduqca xeyirxah, qonaqpərvər xalqdır. Mən Heydər Əliyev Mərkəzinin səhnəsindən də dedim ki, Bakıda mənzil almaq istəyirəm. Burada mənalı istirahət etmək və əlbəttə, işləmək olar.

Bu fikirləri “Turetski xoru” art qrupunun prodüseri, Rusiyanın Xalq artisti Mixail Turetski AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib. Xəbər verdiyimiz kimi, oktyabrın 10-da Rusiyanın məşhur “Turetski xoru” art qrupu Heydər Əliyev Mərkəzinin səhnəsində çıxış edib. Konserti izləyənlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da olub.

Hələ uşaqlıq illərində oğlanlar xorunun tərkibində Bakıya gəldiyini xatırladan M.Turetski deyib: ”Mən o zaman başa düşdüm ki, bu şəhərin özünəməxsus ruhu var. Bakı Sankt-Peterburq, Riqa və Almatı ilə eyni səviyyədə keçmiş Sovet İttifaqının ən parlaq şəhərlərindən biri idi. Bakıya bu gəlişim məndə sensasiyalı, inqilabi təəssürat yaratdı. Mən Köhnə Bakıda şahidi olduğum təmizlik və gözəlliyi heç Qüdsdə də görmədim. Bu çoxmillətli, parlaq, qonaqpərvər şəhərə təkrar qayıtmaq istəyirsən. Bu, qeyri-adi bir hissdir. Tamaşaçılar çox intellektli idi, konsert böyük uğurla keçdi, müxtəlif dillərdə - ingiliscə, italyanca, ispanca mahnılar oxuduq, lakin təmiz azərbaycanca mahnı səsləndirdiyimizdə, zal ayağa qalxdı və bu, xoşbəxt anlar idi. Rusiyalıların və azərbaycanlıların qardaşlığı əbədidir”.

Qrupun rəhbəri bildirib ki, noyabrın 30-da qadın kollektivi – “Turetski sopranosu” art qrupu Bakıya qastrola gələcək. Gələn ilin yayında isə qrupun Bakının Azadlıq meydanında böyük konserti olacaq.

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva konsertə gəldi və bizə nəzakətlə vaxt ayırdı. Biz incəsənət, yaradıcılıq haqqında danışdıq və qlobal bayram şənliyi barədə birlikdə düşündük. Yəqin ki, növbəti ilin yayında Bakıdakı Azadlıq meydanında pulsuz konsertimiz olacaq və orada ən populyar mahnılarımızı ifa edəcəyik”, - deyə M.Turetski qeyd

edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.