MƏDƏNİYYƏT


Nigar Helmi Abbasbəyli: Azərbaycan mədəniyyətini təmsil etdiyim üçün qürur duyuram VİDEO

İstanbul, 12 may, AZƏRTAC

“Qarabağın mirası” mövzusunda sərgim Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan şanlı Zəfərimizə həsr olunub. Azərbaycan mədəniyyətini təmsil etdiyim üçün qürur duyuram.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində İstanbulda açılan “Qarabağın mirası” fərdi rəsm sərgisinin müəllifi, azərbaycanlı rəssam Nigar Helmi Abbasbəyli bildirib.

Otuzillik işğal dövrü ərzində Azərbaycanın milli-mədəni və tarixi dəyərlərinin ermənilər tərəfindən dağıdıldığını xatırladan rəssam sərgisinin mövzusunun həmin ərazilərdəki Azərbaycan mirasını, dahi insanların ev-muzeylərini, tarixi abidələri təsvir etmək olduğunu deyib.

Bildirilib ki, sərgiyə baxış zamanı Qarabağın dağıntılarını görmək olar: “Mən Qarabağı fərqli gördüm və müharibə başladığı gündən bu sərgi üçün çalışdım. Bu mənim üçün olduqca həssas mövzudur. Gecələr boyu “Bayatı-Şiraz” muğamının sədaları altında çəkdim rəsmlərimi. Sərgim Fransa və ABŞ-da daha kiçik formatda sənətsevərlərə təqdim edildi. Lakin indi “Qarabağın mirası” Vətəninə, Şuşaya gedir. Daha sonra isə əsərlərim noyabr ayında Nyu-Yorkda yerləşən, türk dili və mədəniyyətinin təmsil olunduğu “Türk evi”ndə nümayiş olunacaq. Kolleksiyamın tam şəkildə ilk dəfə Türkiyədə nümayiş olunmasının əsas səbəbi isə qardaş ölkənin bizə göstərdiyi mənəvi dəstəkdir. Mən bunu özümə borc bildim. İnanıram ki, əsərlərim bundan sonra da öz yolunu davam edəcək”.

“Müharibə olsa belə bir millətin tarixi, mədəniyyəti, tarixi dəyərləri, gələcək nəsillərə qoyacaq mirası silinməməlidir. Lakin ermənilər bizə aid olanları yer üzündən silmək istədilər. Mən bir azərbaycanlı olaraq əsərlərimlə bu barbarlığı dünyaya, eləcə də gələcək nəsillərə çatdırmağı özümə borc bildim. Biz geri dönən mirasımızı, Şuşamızı qorumalıyıq. Mənim bir əsərim də məhz bu mövzudadır. “Bakı-Şuşa qatarı” əsərim hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərini, Vətən torpağımızın yenidən çiçəklənməsini təmsil edir. Biz o torpaqları ruhumuzdakı Vətən sevgisi və milli-mənəvi dəyərlərimizdən yola çıxaraq əvvəllər də olduğu kimi Azərbaycanın ən gözəl guşəsinə çevirəcəyik”, - deyə rəssam bildirib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.