Norveçin radio kanallarında koronavirus haqqında Azərbaycan dilində maarifləndirici məlumatlar təqdim olunacaq
AzerTAg.az

Stokholm, 28 mart, Rauf Əliyev AZƏRTAC.
Norveçin radio kanallarında koronavirus (COVID-19) haqqında maarifləndirici məlumatlar Oslo bələdiyyəsinin sifarişi və “CAN” təşkilatının dəstəyi ilə müxtəlif dillərlə yanaşı, Azərbaycan dilində də səsləndiriləcək.
AZƏRTAC-ın xüsusi müxbiri Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatına istinadla xəbər verir ki, yeni koronavirus pandemiyasının yayılmasının qarşısını almaq və yerli əhalini maarifləndirmək məqsədilə Oslo şəhər bələdiyyəsi və Norveç Xalq Sağlamlığı İnstitutu müxtəlif radio kanallarında, saytlarda və sosial media platformalarında xarici dillərdə məlumatlar yerləşdirməkdədir. Məlumatları əcnəbi dillərdə hazırlamaq üçün Oslo şəhər bələdiyyəsi könüllü təşkilatlara müraciət edib. Müraciətə müsbət cavab verən “CAN” diaspor təşkilatı çağırışın Azərbaycan dilində səsləndirilməsi üçün lazımi dəstək göstərib.
Norveçdə yaşayan azərbaycanlı modelyer və diaspor fəalı Şervin Nəcəfpur deyib: “Hazırda hər birimiz qorxu içərisindəyik. Koronavirus pandemiyasının qarşısını almaq üçün indi edə biləcəyimiz ən vacib məsələ evdə qalmaqdır. Lakin evdə qalmağımıza rəğmən, Norveçdəki Azərbaycan diasporu olaraq fəaliyyətimizi davam edirik”.
Ş.Nəcəfpur bildirib ki, rəhbərlik etdiyi diaspor təşkilatı Norveçdə yaşayan həmvətənlərimizlə mütəmadi sıx əlaqə saxlayır, mövcud təhlükə barədə soydaşlarımız arasında maarifləndirmə işi aparır.
Oslo bələdiyyəsinin sifarişi ilə hazırlanan yeni materiallardan da danışan diaspor fəalı vurğulayıb ki, hazırlanan yazılı və audio materiallar Norveçin radio kanallarında gələn həftədən etibarən səsləndiriləcək: “Bizim Səs” təşkilatının rəhbəri Hüseyn Məmmədov ilə bu materialların hazırlanmasında həmrəyliyimizi ortaya qoyduq və Norveçdə yaşayan həmyerlilərimizə ana dilimizdə infoqrafikalar hazırladıq. İnanırıq ki, həmrəylik, bir-birimizə qayğı göstərmək kimi xüsusiyyətlər sayəsində biz bir çox insanın həyatını bu təhlükədən qoruya bilərik”.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Xəbərin mətnində orfoqrafik səhv var