REGİONLAR
Pərviz Abubəkirov: Regionlarda ixtisaslı gənc tibbi kadrlara ehtiyac var

Şəki, 1 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Səhiyyə Nazirliyi tərəfindən təşkil edilən media-turun əsas məqsədi ictimaiyyəti KİV nümayəndələri vasitəsilə Azərbaycanın regionlarında səhiyyənin mövcud vəziyyəti barədə məlumatlandırmaqdır. Biz istəyirik ki, gənc həkimlərimiz region xəstəxanalarındakı vəziyyəti, yaradılan şəraiti, müasir avadanlığı görsünlər və gəlib buralarda da çalışsınlar. Çünki regionlarda, ucqar kəndlərdə ixtisaslı gənc tibbi kadrlara ehtiyac var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov Şəkidə media nümayəndələrinə müsahibəsində deyib.
Media-turların davamlı olacağını vurğulayan nazirliyin mətbuat katibi Şəkidən sonra növbəti tədbirin Quba şəhərində reallaşacağını bildirib. O qeyd edib ki, gələcəkdə belə media-turların ölkənin bütün regionlarında keçirilməsi nəzərdə tutulur.