ELM VƏ TƏHSİL
Peşə təhsili müəssisələrinə qəbul olunmaq üçün 8.800 nəfər qeydiyyatdan keçib
Bakı, 21 avqust, AZƏRTAC
2018-2019-cu tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, avqustun 6-dan başlanan sənəd qəbulunda 8 min 800 vətəndaş qeydiyyatdan keçərək ixtisas seçib.
Dövlət peşə təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərində ödənişsiz formada həyata keçirilir. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.
Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonundakı peşə təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul “ASAN xidmət” tərəfindən həyata keçirilir. Mingəçevir şəhəri, Bərdə, Masallı, Sabirabad, Quba və Qəbələ rayonları üzrə peşə təhsili müəssisələrinə dövlət hesabına qəbul müvafiq “ASAN xidmət” mərkəzlərində aparılır.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər istənilən “ASAN xidmət”ə və müvafiq təhsil müəssisələrinə müraciət edə bilərlər.
Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşlar 10 ixtisas seçə bilərlər. Müraciət edənlərin sərbəst seçimi əsasında dövlət peşə təhsili müəssisələri, onların ixtisasları müəyyənləşdirilir və istədikləri ardıcıllıqla təsdiqlənir. Dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.
Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.
Sənəd qəbulu avqustun 26-dək aparılacaq.