CƏMİYYƏT


Qax və Zaqatalada istehlaka yararsız heyvan cəmdəkləri aşkar olunub

Bakı, 8 aprel, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən əldə olunmuş məlumat əsasında Qax və Zaqatalada istehlaka yararsız heyvan cəmdəkləri aşkar olunub.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Qax rayonu Güllük kənd sakini Davudov Fərrux Qurban oğluna məxsus həyətyanı sahədən satış üçün nəzərdə tutulan ümumi çəkisi təxminən 104 kiloqram olan istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub. Ətin orqanoleptik baxışı keçirilərkən qaralma, daxili orqanlarında patoloji dəyişiklik müəyyən edilib və istifadəyə yararsız olduğu təsdiq olunub.

“Zaqatala rayonu Bazar 2” ASC-də keçirilən monitorinq zamanı qəssab Qurbanov Elvin Eyvaz oğlunun 84 kiloqram çəkidə heyvan cəmdəyini heç bir baytarlıq sənədi, baytarlıq ekspertiza rəyi olmadan satışa çıxardığı aşkarlanıb. Heyvanın cəmdəyinə orqanoleptik baxış keçirilərkən ətdə qaralma, selik və patoloji dəyişiklik müşahidə olunub. Heyvan cəmdəklərindən götürülən nümunələr laborator analizdən keçirilməsi məqsədi ilə Qida Təhlükəsizliyi İnstitutuna təqdim olunub.

Hər iki fakt üzrə araşdırma aparılır.

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir. Agentlik vətəndaşlardan bu kimi hallarla bağlı məlumatları olduğu təqdirdə Agentliyin 1003 nömrəli "Çağrı mərkəzi”nə məlumat verməyi xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.