REGİONLAR
Qazaxda tikilən mərkəzi xəstəxanada son tamamlama işləri aparılır
Qazax, 7 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Düşmənlə sərhəddə yerləşən və müharibə vəziyyətinin bütün çətinliklərinə baxmayaraq, öz inkişafının müasir dövrünü yaşayan Qazaxda sosial-iqtisadi və infrastruktur layihələrinin icrası geniş vüsət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayonda "Mətanət A” şirkəti tərəfindən inşa edilən əhəng zavodu istifadəyə tam hazırdır.
"Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən elektrod zavodunda da işlər yekunlaşıb. İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən yaradılan aqroparkda isə son tamamlama işləri aparılır.
Qazax Rayon İcra Hakimiyyətindən bildirilib ki, məhz bu zavodların və aqroparkın fəaliyyətə başlaması Qazaxda işsizliyin azaldılmasına, rayon iqtisadiyyatının bölgüsündə isə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalının artmasına müsbət təsir göstərəcək.
Respublikamızın qərb bölgəsi üçün böyük sosial əhəmiyyəti olan və əhaliyə müasir tibbi xidmətlər göstərəcək 145 çarpayılıq rayon mərkəzi xəstəxanasında da demək olar ki, əsas işlər görülüb. 2017-ci ilin yanvarından tikintisinə başlanılan bu xəstəxanada hazırda son tamamlama işləri aparılır.