REGİONLAR
Qazi Tariyel Didarov: Qalib ölkənin zabiti olmaq böyük fəxrdir VİDEO
Xaçmaz, 18 iyul, Elxan Yusifli, AZƏRTAC
Mayor Tariyel Didarov 1980-ci ildə Xaçmaz rayonunun Bostançı kəndində doğulub. 1995-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Üç il sonra liseyi müvəffəqiyyətlə başa vuraraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin “Yerüstü artilleriya” kafedrasında təhsil almağa başlayıb. Məktəbdən sonra 2003-cü ildə bir illik zabit ixtisas kursunu da bitirərək Müdafiə Nazirliyinin müxtəlif hərbi birləşmələrində xidmətə başlayıb. Xidmətini əsasən cəbhəyanı ərazilərdə aparan gənc zabit şanlı Aprel döyüşlərində tabor komandirinin müavini kimi yaxından iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tariyel Didarov Vətən müharibəsinə Füzuli cəbhəsində başlayıb. Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının düşməndən azad olunması uğrunda döyüşüb. Artilleriya kəşfiyyatçısı kimi fəaliyyət göstərən T.Didarov 2020-ci il oktyabrın 26-da Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi uğrunda savaşda tank mərmisinin yaxınlığında partlaması nəticəsində ağır yaralanıb. Komaya düşən döyüşçünü həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub. T.Didarov ikinci qrup müharibə əlilidir.
Tariyel Didarov Vətən müharibəsində göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
“Mən 20 ildən çox hərbi xidmət keçmişəm. Hərbi xidmətimin böyük hissəsi cəbhə bölgəsində keçib. Cəbhə bölgəsində bizim hər bir təqvim günümüz iki gün kimi hesablanır. Buna görə də mənə dövlət tərəfindən yüksək pensiya təminatı ayrılıb. Bundan əlavə, mənə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib. Təhsil Nazirliyi tərəfindən də işə götürülmüşəm. Hazırda Xaçmaz rayon İsmət Rəsulov adına Əhmədoba kənd tam orta məktəbində “Çağırışaqədərki hazırlıq” fənnini tədris edirəm”, - deyə Tariyel Didarov söyləyib.
Vətən müharibəsi qazisi bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün dövlət qurumlarına, orada çalışan vəzifəli şəxslərə şəhid ailələrinə, müharibə iştirakçılarına diqqət və qayğı ilə yanaşmağı tapşırıb. Müharibə iştirakçılarının səhhətləri, işlə təmin olunmaları, sosial təminatlarının yaxşılaşdırılması ən vacib məsələlərdəndir.
“Bütün dünya təcrübəsində var ki, müharibə iştirakçıları postmüharibə dövründə psixoloji gərginlik və əsəb keçirirlər. Biz döyüşlərdə ən yaxın yoldaşlarımızı itirmişik. Döyüşçü qardaşlarımız qucağımızda şəhid olub. Müharibə iştirakçılarının psixoloji reabilitasiyası olduqca vacibdir. Fikrimcə, bu işlə yalnız təyinatı üzrə səhiyyə müəssisələri məşğul olmamalıdır. Gücümüzü səfərbər edib qazilərimizə dəstək olmalı, onların hər birinə fərdi yanaşmalıyıq. Mən zabit kimi böyük qürur hissi keçirirəm. Biz qalib ölkənin müzəffər hərbçiləriyik. Çox şükür ki, bütün xalqımız da bu qüruru yaşayır. Qalib ölkənin zabiti olmaq böyük fəxrdir”, - deyə ehtiyatda olan mayor T.Didarov bildirib.