Azərbaycanlı jurnalistlər Daşkənddə “Texnopark”ın fəaliyyəti ilə tanış olublar
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycanın media nümayəndələrinin Özbəkistana təşkil olunan press-turu çərçivəsində jurnalistlər Daşkənddə yerləşən “Texnopark” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) fəaliyyəti ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, 2019-cu ildə yaradılan müəssisə yeddi əsas istehsal blokunu birləşdirir.
Hazırda burada ümumi dəyəri 465 milyon dollar olan 18 layihə həyata keçirilir. Bu layihələrin istehsal gücü isə 1 milyard dollar həcmində qiymətləndirilir.
“Texnopark” MMC-nin ümumi məsələlər üzrə baş direktor müavini Botir Babatullayev AZƏRTAC-a bildirib ki, müəssisə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin yüksək texnologiyalı, rəqabətqabiliyyətli, ixracyönümlü və idxalı əvəz edən istehsal sahələrinin yaradılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin praktiki icrasına yönəlmiş istehsal müəssisələri qrupudur. Onun sözlərinə görə, əsas məqsədlər geniş çeşiddə idxalı əvəz edən sənaye məhsullarının və məişət texnikasının istehsalının təşkil edilməsi, eləcə də yeni iş yerlərinin yaradılmasıdır.
“Texnopark”ın tərkibinə qazın elektron uçotu cihazlarının, məişət və ticarət soyuducularının, sənaye kondisionerlərinin və soyutma sistemlərinin, lift və eskalatorların, su nasosları və nasos stansiyalarının, pres-qəlib və ştampların, qapı və pəncərə çərçivələri üçün furnitur və aksesuarların, panel radiatorların, metal konstruksiyaların, paltaryuyan maşınlarının, mis boruların, fitinqlərin və digər məhsul növlərinin istehsalı daxildir.
Müəssisədə, həmçinin sendviç panellər, sənaye tipli isti su qazanları, Günəş kollektorları və suqızdırıcılar, bazalt daşından istilik izolyasiya materialları və qolf-kartlar istehsal olunur.
“Texnopark”da çuqun tökmə məmulatlarının istehsalı üzrə bölmələr, rəngləmə xətləri və polimer məmulatları istehsalı bölməsi fəaliyyət göstərir. Perspektivdə avtomatlaşdırılmış logistika mərkəzinin yaradılması planlaşdırılır.
“Texnopark” MMC-də 4 mindən çox əməkdaş çalışır. Müəssisənin iri beynəlxalq tərəfdaşları arasında İtaliyanın “Pietro Fiorentini”, Koreya Respublikasının “Samsung Electronics”, İtaliyanın “Ferroli” şirkətləri və digər şirkətlər var.
“Texnopark” MMC-nin ixrac üzrə mütəxəssisi İqor Em bildirib ki, müəssisə məhsullarını xarici bazarlara, o cümlədən MDB və Avropa ölkələrinə ixrac edir.
“Hazırda Azərbaycana ildə 12-15 min ədəd həcmində polad panel radiatorları ixrac edirik”, – deyə o bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycana lift avadanlıqlarının, eskalatorların və iqlim avadanlıqlarının tədarükü ilə bağlı danışıqlar aparılır: “Hələlik nəticə yoxdur, hazırda danışıqlar gedir, proses davam edir”.
İqor Em, həmçinin “Texnopark” nümayəndələrinin Azərbaycanda keçirilən sənaye sərgilərində iştirak etdiyini bildirib.
“Bəli, sərgilərdə iştirak edirik və ixracı artırmaq üçün müzakirə etdiyimiz müəyyən detallar, məqamlar var. Böyük potensialımız və Azərbaycanla əməkdaşlıq etmək istəyimiz var. Bunun üçün öz tərəfimizdən əlimizdən gələni edəcəyik”, – deyə o vurğulayıb.
İxracın coğrafiyasından danışan mütəxəssis qeyd edib ki, hazırda müəssisənin məhsulları MDB və Avropanın təxminən 10 ölkəsində satılır.
Press-tur çərçivəsində azərbaycanlı jurnalistlər müəssisənin istehsal gücü, texnoloji prosesləri və istehsal etdiyi məhsullarla tanış olublar.
“Texnopark” Mərkəzi Asiyanın iri innovativ və yüksək texnoloji istehsal komplekslərindən biri olmaqla, sənaye elektrotexnika məhsulları, tikinti materialları və məişət texnikası istehsal edən müəssisələri birləşdirir.