Berlin administrasiyasına kiberhücum 50 mindən çox ailənin sosial ödənişlərini riskə atıb
Berlin, 18 avqust, AZƏRTAC
Berlin şəhər senatının iki idarəsinə edilən kiberhücum nəticəsində inzibati fəaliyyət ciddi şəkildə pozulub.
AZƏRTAC “Tagesspiegel” nəşrinə istinadla xəbər verir ki, hücumun paytaxtda 50 mindən çox ailəyə ödənilən mənzil müavinətinə, eləcə də “Təhsil və iştirak” sosial proqramı çərçivəsində ödənişlərə təsir göstərəcəyi ehtimal edilir.
Berlinin Pankov rayon administrasiyasının məlumatında texniki nasazlıq səbəbindən mənzil müavinəti, sosial ödənişlər və bir sıra digər xidmətlər üzrə müraciətlərin işlənməsinin mümkün olmadığı bildirilib. Müavinətlərin adətən ayın sonunda ödənildiyi, problemin nə vaxt aradan qaldırılacağının isə hələ məlum olmadığı açıqlanıb.
Berlin Senatının məlumatına görə, aparılan araşdırma nəticəsində şəhər administrasiyasının daxili şəbəkəsinin təhlükəsizliyinin pozulduğu müəyyənləşdirilib. Şəhərsalma və nəqliyyat idarələri daha ciddi zərərin qarşısını almaq üçün şəbəkədən ayrılıb.
Almaniyanın İnformasiya Təhlükəsizliyi İdarəsi, Berlin Dövlət Kriminal Polisi və prokurorluq araşdırmaya cəlb olunub. Senat indiyədək həssas məlumatların sızmadığını, aşkarlanan məlumatların açıq məlumat bazalarında ictimaiyyət üçün əlçatan olduğunu bildirib. Hadisə ilə bağlı istintaq başlanıb.