Almaniyada dron təhlükəsizliyi üzrə yeni texnologiya mərkəzi fəaliyyətə başlayıb
Almaniyada dronlarla bağlı təhlükələrin aşkarlanması və qarşısının alınması üzrə yeni texnologiya mərkəzi açılıb.
AZƏRTAC xəbər verir ki, Almaniya Aerokosmik Mərkəzinin Koxştedt bazasında yaradılan mərkəz təhlükəsizlik texnologiyalarının laboratoriyadan real istifadəyə daha sürətlə keçirilməsinə imkan verəcək.
Mərkəzin açılış mərasimində Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt və tədqiqat, texnologiya və kosmik məsələlər üzrə nazir Dorote Ber iştirak ediblər.
Mərkəzin əsas üstünlüyü yeni sistemlərin real şəraitə yaxın mühitdə sınaqdan keçirilməsidir. Burada dronların aşkarlanması, izlənməsi və zərərsizləşdirilməsi texnologiyaları, həmçinin pilotsuz uçuş aparatlarının təhlükəsiz istismarı üzrə həllər dəyərləndiriləcək. Tədqiqatçılar müxtəlif təhlükə ssenarilərini və həm mövcud, həm də gələcək dron sistemlərini nəzarət olunan şəraitdə modelləşdirərək texnologiyaların kompleks sistemlər daxilində necə işlədiyini yoxlayacaqlar.
Mərkəz təhlükəsizlik qurumları, polis və sənaye ilə birgə fəaliyyət göstərəcək. Layihə, xüsusilə hava limanlarının, kritik infrastrukturun və ictimai obyektlərin qanunsuz istifadə olunan dronlardan qorunmasına yönəlib. Yeni mərkəzin fəaliyyəti Almaniyanın Dron Əleyhinə Birgə Müdafiə Mərkəzi ilə də əlaqələndiriləcək.
Beləliklə, yeni texnologiyaların hazırlanması birbaşa hüquq-mühafizə və təhlükəsizlik qurumlarının real ehtiyaclarına uyğunlaşdırılacaq.
Elvin Mövsüm