REGİONLAR
Qusarın Əniq kəndində Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib VİDEO
Qusar, 31 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunun Əniq kəndində Vətən müharibəsi şəhidləri leytenant Sərraf İmaməliyev və çavuş Amrid Yunusovun xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq kompleksi istifadəyə verilib.
Kompleksin açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimdə hərbi orkestrin müşayiəti ilə şəhidlərin xatirə kompleksinin qarşısına əklil və gül dəstələri düzülüb, xatirələri ehtiramla anılaraq ruhlarına dualar oxunub.
Tədbirdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şərəfli döyüş yolundan, Zəfərin qazanılmasında hərbçilərimizin göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.
Bildirilib ki, Sərraf Murtuzəli oğlu İmaməliyev 1996-cı il sentyabrın 10-da Qusar rayonunun Əniq kəndində anadan olub. Atasını 3 yaşında itirən Sərraf babası Muradhəsil Ağamuradovun himayəsində böyüyüb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Vətən müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sərraf İmaməliyev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Sərraf İmaməliyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Müddətdən artıq həqiqi hərbi qulluqçu, çavuş Amrid Yunusov 1995-ci il oktyabrın 12-də Əniq kəndində anadan olub. Amrid Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qəhrəman döyüşçü oktyabrın 28-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Şəhidlərin ailə üzvləri onlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.