REGİONLAR
Qusarın Cibir kəndi Vətən müharibəsində dörd şəhid verib VİDEO
Qusar, 25 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunun Cibir kəndində Vətən müharibəsi şəhidləri Malik Xeyirbəyov, Murad Kəlbiyev, Çoban Nurmətov və Rafik Bəyverdiyevin xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbirində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, yerli hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhidlərin ailə üzvləri və kənd sakinləri iştirak ediblər.
Mərasimdə şəhidlərin məzarları üstünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılaraq ruhlarına dualar oxunub.
Qəhrəman kəndin şəhid övladlarından biri 18 yaşlı Malik Xeyirbəyovdur. Qorxmaz kəşfiyyatçı Cəbrayıl, Hadrut və Füzulinin azad olunması əməliyyatlarında fəal iştirak edib. Oktyabrın 26-da Füzuli şəhəri istiqamətində şəhidlik zirvəsinə ucalıb. Qəhrəman döyüşçü ölümündən sonra üç medalla təltif edilib.
Şəhid Murad Kəlbiyev 1996-cı ildə anadan olub. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Murad Cəbrayıl və Füzulinin azad olunması əməliyyatlarında fəal iştirak edib. Oktyabrın 6-da Füzuli istiqamətində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Xüsusi təyinatlı qüvvələrin baş giziri olan Çoban Nurmətov Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çoban Nurmətov oktyabrın 23-də Xocavənddə şəhid olub. Ailəli idi. İlahə və Fatimə adında qızları, İmam adında isə oğlu yadigar qalıb. Ölümündən sonra 5 medalla təltif olunub.
Rafiq Bəyverdiyev 1998-ci il iyunun 1-də anadan olub. Vətən müharibəsi başlananda Rafiq Bəyverdiyev könüllü cəbhəyə yollanıb. Oktyabrın 20-də şəhid olan Rafiqin nəşi düşmən tərəfində qalıb. Noyabrın 17-də nəşi qarşı tərəfdən götürüldükdən sonra dəfn olunub. Rafiq Bəyverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Cibir kəndi Vətən müharibəsində dörd, Birinci Qarabağ savaşında isə iki oğlunu şəhid verib.