REGİONLAR
Selçuk Bayraktar Türkiyədə “TEKNOFEST”ə qatılan “RED X” komandasının üzvləri ilə görüşüb
Xırdalan, 26 aprel, AZƏRTAC
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalının final mərhələsinə vəsiqə qazanan Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət “RED X” komandasının layihəsi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Selçuk Bayraktar “RED X” komandasının sərgidə hərbi məqsədli PUA layihəsi ilə iştirak edən yeganə Azərbaycan komandası olmasını xüsusi vurğulayıb və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti Hasan Mandal da layihə ilə yaxından tanış olub.
“RED X” komandası Türkiyədə keçiriləcək “TEKNOFEST-2023”də hərbi məqsədli tibbi ləvazimat daşıya bilən, kuryer vəzifəsini yerinə yetirə və bənzər yerlərdə əlverişliliyini göstərə bilən sabit qanadlı, sadə və erqonomik PUA ilə təmsil edilir.
Tələbələrin ərsəyə gətirdiyi PUA Bursa şəhərindəki sınaq uçuşlarından sonra aprelin 27-dən mayın 1-dək İstanbulda keçiriləcək festivalda nümayiş olunacaq.