Serebral iflici diaqnozlu idmançı Meksikada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb
Gəncə, 10 may, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin idman dərslərindən bəhrələnən Nurlan Babacanov Macarıstanın Eger şəhərində keçirilən pauerlifting üzrə dünya kubokunda bürünc medala sahib olub.
AZƏRTAC xəbər verir ki, bununla da uşaq serebral iflici diaqnozlu idmançı 2017-ci il sentyabrın 25-də Meksikada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
Mərkəzin koordinatoru Rəzalə Abbasova bildirib ki, Nurlan 2003-cü ildə Mərkəz fəaliyyətə başladığı ilk günlərdən buranın xidmətlərindən yararlanıb. “Bu gün Nurlanın uğurları bizi çox sevindirir. İnanırıq ki, gənc idmançımız daha böyük mükafatlar qazanacaq, Azərbaycanın bayrağını mötəbər kürsülərdə dalğalandıracaq”, - deyə o qeyd edib.