ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi: 2020-2021-ci tədris ilində 95 şagird koronavirusa yoluxub

Bakı, 21 sentyabr, AZƏRTAC 

Ümumtəhsil müəssisələrində koronavirusla bağlı vəziyyətə dair Təhsil Nazirliyi açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, nazirliyin açıqlamasında deyilir: “Ölkəmizdə pandemiya ilə əlaqədar olaraq, 2020-2021-ci tədris ilində dərslər həm əyani, həm də distant formada tədris edilir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə uyğunlaşdırılmış tədris planları əsasında təşkil edilir.

Respublika üzrə ümumi təhsil müəssisələrində bu günə olan məlumata əsasən, ümumilikdə ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 625 394 şagirddən 7 868 nəfərin (1, 26 faiz) valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb. Yeni tədris ilindən etibarən məktəblərə gələn işçi sayı (müəllim, texniki heyət və rəhbər heyət) 65 460 nəfər olub.

Respublika ərazisində fəaliyyət göstərən məktəblərin binasına daxil olan bütün şəxslərin hərarəti yoxlanılır, 37.1-dən yuxarı olan şagirdlər və ya işçi heyəti məktəbə buraxılmır. Sentyabrın 21-də hərarəti 37.1-dən yuxarı olan şagird və işçi heyətinin sayı Bakı şəhərində 21, bölgələrdə isə 29 nəfər olub. Hərarəti yüksək olan şagird və işçi heyəti barədə tibb müəssisələrinə məlumat verilir, bu şəxslərin müvafiq qaydada test olunması nəzərdə tutulur. Sentyabrın 21-nə olan məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyib. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olub. Bu günə olan məlumata əsasən, koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur. Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib. Ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib. Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib. Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.