ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi ötən ildəki fəaliyyəti ilə bağlı hesabat verib

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərlə bağlı hesabatına həsr olunan tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Baş nazirin müavini Əli Əhmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, müvafiq qurumların rəhbərləri, Milli Məclis deputatları, ali məktəb rektorları iştirak ediblər.

Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi, əhatəliliyi və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.

Təhsil naziri Ceyhun Bayramov “Təhsil sistemi - vəzifələr və hədəflər” mövzusunda təqdimatla çıxış edib.

Təhsilin inkişafının ölkəmizin tərəqqisi baxımdan vacib amil olduğunu vurğulayan nazir Prezident İlham Əliyevin bu sahəyə daim xüsusi önəm verdiyini bildirib. Vurğulanıb ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədinin qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, beş il bundan əvvəl ilə müqayisədə uğurlu nəticələr əldə edilib.

Təhsil sahəsində həyata keçirilən layihələrdən danışan nazir 2020-ci ilədək məktəbəhazırlığın əhatəlilik səviyyəsinin 90 faizə çatdırılmasının nəzərdə tutulduğunu söyləyib. C.Bayramov qəbul imtahanlarının yeni modelindən bəhs edərək bildirib ki, hazırda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıqda iş aparılır.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişiklikləri xatırladan nazir ali təhsil müəssisələrinə qəbul üzrə əsasən iki dəyişikliyin nəzərdə tutulduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, həmin dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyənləşdirilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar, beynəlxalq fənn olimpiadaları qaliblərinin istənilən ixtisaslar, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları ilə bağlıdır.

Müəllim peşəsinin nüfuzunun yüksəlməsinə təsir göstərən tədbirlərin davam etdiriləcəyini bildirən C.Bayramov sertifikasiya mexanizminin tətbiqinin təhsildə keyfiyyət baxımından nailiyyətlər əldə olunmasında vacibliyini diqqətə çatdırıb.

Tədbirdə “Təhsil” televiziyasının 2017-ci ildə təhsil sahəsində həyata keçirilən tədbirlərə və yeniliklərə dair hazırladığı videoxronika nümayiş olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb, bu sahələr arasında inteqrasiyanın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Akademik A.Əlizadə ölkəmizdə elmin, təhsilin inkişafı üçün geniş imkanların yaradıldığını vurğulayıb.

Təhsil sahəsində aparılan islahatların mühüm keyfiyyət mərhələsinə qədəm qoyduğunu qeyd edən Baş nazirin müavini Əli Əhmədov Prezident İlham Əliyevin bu sahəni prioritet elan etməsi nəticəsində ölkəmizin gələcəyinin parlaq olacağına əminliyini bildirib.

Baş nazirin müavini, eyni zamanda, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikirlərini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.