ELM VƏ TƏHSİL
Tələbələr “Ən yaxşı natiqlik” yarışı barədə məlumatlandırılıb
Bakı, 18 noyabr, AZƏRTAC
Xəzər Universitetinin Karyera Mərkəzi tərəfindən Böyük Britaniyanın ESU (The English-Speaking Union) təşkilatının tərəfdaşı olan “Azerbaijan Public Speaking Competition” (APSC) platformasının iştirakı ilə görüş keçirilib. Görüş Azərbaycanda tələbələr arasında ingilis dilinin təbliği və onların beynəlxalq proqramlarda iştirakını təmin etmək məqsədi daşıyıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Karyera Mərkəzinin koordinatoru Fəxrəddin Abdullayev çıxış edərək bu proqramın əhəmiyyəti və tələbələrin gələcək karyeralarında yaradacağı imkanlar barədə məlumat verib.
Platformanın layihə meneceri Lalə Babayeva bildirib ki, Böyük Britaniyanın ESU təşkilatı dünyanın ən böyük natiqlik yarışması olan “International Public Speaking Competition-2020” beynəlxalq proqramının Azərbaycan üzrə milli yarışını həyata keçirir.
Qeyd edilib ki, proqramın ilkin mərhələsində 15 finalçı müəyyən olunacaq. Dekabrın 1-də isə final mərhələsinin qalibi Azərbaycanın ən yaxşı natiqi statusunu qazanaraq, 2020-ci il mayın 11-dən 15-dək Londonda dünyanın ən yaxşı natiqi adını qazanmaq uğrunda 53 ölkədən olan qaliblərlə yarışacaq.
Sonda suallar cavablandırılıb.