SİYASƏT


Vaşinqtonda “Ermənistanın yeni çağırışları: Qərb necə münasibət bildirməlidir?” mövzusunda “dəyirmi masa” keçirilib

Vaşinqton, 3 aprel, AZƏRTAC

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində “Ermənistanın yeni çağırışları: Qərb necə münasibət bildirməlidir?” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Ermənistanın daxili və xarici siyasəti, 2015-ci ilin dekabrında bu ölkədə parlament idarəçiliyi sisteminə keçid və 2016-cı ilin aprelində Azərbaycan Ordusu tərəfindən strateji yüksəkliklərin erməni işğalından azad edildiyi dördgünlük müharibə müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin “Rusiya və Avrasiya” Proqramının direktor müavini və elmi işçisi Ceffri Mankoffun moderatorluğu ilə keçirilmiş paneldə Demokratiyaya Dəstək Milli Fondunun (NED) “Rusiya və Avrasiya” Proqramının direktoru Miriam Lanskoy, “Beynəlxalq sülh naminə Karnegi Fondu”nda Rusiya və Avrasiyanın öyrənilməsi Proqramının böyük elmi işçisi Pol Stronski və Vudro Vilson Mərkəzinin elmi işçisi, ABŞ-ın Belarusda və Gürcüstanda sabiq səfiri Kennet Yalovits çıxış ediblər.

M.Lanskoy öz çıxışında 2008-ci ilin mart ayında keçirilmiş prezident seçkilərində əvvəlki prezident Robert Koçaryanın davamçısı Serj Sarkisyanın qələbəsindən sonra Yerevanda baş verən hadisələrdən, bu hadisələr zamanı Sarkisyanın hökumət ordusu tərəfindən 10 nəfər dinc nümayişçinin və Ermənistan paytaxtının sakinlərinin güllələnməsindən danışıb. 2015-ci ilin iyununda Sarkisyan rejiminə qarşı #ElectricYerevan adı almış ümumi nümayişlər də müzakirə edilib.

2016-cı ilin aprelində hərbi əməliyyatların yenidən başlanmasını müzakirə edən M.Lanskoy deyib ki, dördgünlük müharibə və döyüşlərin nəticəsi ermənilər üçün çox gözlənilməz oldu və Ermənistan ordusunun müharibəyə hazır olmadığını göstərdi. M.Lanskoy bilidirib ki, 2016-cı ildən başlayaraq, Azərbaycanın regiondakı dövlətlərlə əlaqələrinin möhkəmlənməsi də daxil olmaqla, qarşılıqlı münasibətlərin regional dinamikasında radikal irəliləyişlər baş verib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə münasibət bildirən M.Lanskoy vurğulayıb ki, ABŞ ATƏT-in Minsk qrupu vasitəsilə diplomatik səylərdən istifadə etməklə daha çox iş görə bilər.

Pol Stronski çıxışında Ermənistanın siyasi sistemində hazırda baş verən dəyişiklikləri xüsusi nəzərə çatdırıb. O qeyd edib ki, 2008-ci ildə hakimiyyət Serj Sarkisyana ötürüləndə Sarkisyanın Robert Koçaryanın “marionetka”sı olacağı gözlənilirdi. P.Stronski deyib ki, Ermənistan parlamentinə namizədlər arasında cəmi 9 müxalifətçi var və Sarkisyana demokrat kimi baxılmır.

Səfir Kennet Yalovits, öz növbəsində, Ermənistan-Azərbaycan münaqişəsi və iki ölkə arasında baş verə biləcək yeni müharibənin potensial faciəvi nəticələrini barədə danışıb. O bildirib ki, hər iki ölkədə yeni müasir silahların mövcudluğunu nəzərə alsaq, yeni müharibə 1990-cı illərin müharibəsindən xeyli fərqlənəcək. Diplomat bildirib ki, müharibə yenidən başlanarsa, döyüş əməliyyatları bilavasitə münaqişə zonasından kənara çıxa bilər və tərəflər Azərbaycanın, eləcə də Ermənistanın özünün digər regionlarında yerləşən strateji obyektlərə zərbə endirə bilərlər. Qeyd olunub ki, münaqişə həll olunmazsa, Ermənistan əhalisinin sayı azalacaq və ölkənin iqtisadi vəziyyəti daha da ağırlaşacaq, Azərbaycan əhalisi və iqtisadiyyatı isə, əksinə, hətta neft ixracatı azalsa belə, nisbətən yaxşı vəziyyətdə olacaqdır.

“Dəyirmi masa”da Kəlbəcər rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü, Sarkisyan rejiminə qarşı potensial sanksiyalar və suveren Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi məsələləri də müzakirə olunub.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.