REGİONLAR
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun xatirəsi anılıb
Daşkəsən, 23 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Noyabrın 23-də daşkəsənli Vətən müharibəsi şəhidi, əsgər Elnur Məmmədovun anım günü Gəncə Şəhidlər xiyabanında şəhidin məzarı qarşısında qeyd olunub.
Şəhidin ildönümündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi, şəhidin yaxınları, rayonun şəhid anaları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidin məzarı ziyarət edilib, xatirəsi anılıb, dualar oxunub.
Bildirilib ki, Elnur İsrafil oğlu Məmmədov 1989-cu il sentyabrın 16-da Daşkəsən rayonu Xoşbulaq kəndində anadan olub. O, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, qəhrəmancasına vuruşmuş, şəxsi igidlik və şücaət göstərmişdir. Elnur Məmmədov 2020-ci il oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış, düz əlli gündən sonra 2020-ci il noyabrın 23-də valideynlərinin istəyi ilə Gəncə Şəhidlər xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elnur Məmmədov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.