ELM VƏ TƏHSİL
Volfqanq Sprössinq: Bakı konfransının əhatə dairəsi genişdir
Bakı, 27 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı məni gözəl bir şəhərlə tanış etdi. Bakı Şərqlə Qərbin qovşağında yerləşən möhtəşəm şəhərdir.
Bu fikri AZƏRTAC-a müsahibəsində Almaniyanın Bergakademie Freiberg Texniki Universitetinin professoru Volfqanq Sprössinq deyib.
O bildirib ki, konfransda həllini gözləyən riyazi məsələlərə cavab axtarılacaq. Cəbr, topologiya, riyazi analiz və diferensial tənliklər, statistika, tətbiqi riyaziyyat, riyazi təhsil, diskret riyaziyyat, informasiya təhlükəsizliyi, həndəsə və riyaziyyatın digər sahələri ilə bağlı müzakirələr aparılacaq.
“İndiyədək keçirilən “Riyaziyyat və onun tətbiqləri” Beynəlxalq Avrasiya konfranslarının hamısında iştirak etmişəm. Hər bir konfrans fərqli mövzunu əhatə edib. Bakı konfransının əhatə dairəsi genişdir. 43 ölkənin riyaziyyatçıları fikir mübadiləsi aparacaq, 243 alimin məruzəsi dinləniləcək. İnanıram ki, konfrans uğurla nəticələnəcək”, - deyə professor Volfqanq Sprössinq qeyd edib.