Xaçmazlı məktəblilər Qarabağın maddi-mənəvi sərvətləri haqqında yeni biliklər öyrəniblər
Xaçmaz, 21 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazlı məktəblilər Qarabağın tarixi, coğrafi mövqeyi, təbii sərvətləri, mədəni irsi, şair və yazıçıları, musiqisi, korifey sənətkarları və şifahi xalq ədəbiyyatı haqqında yeni biliklər əldə ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Zəfər Günü ərəfəsində məktəblilərin iştirakı ilə keçirilən "Qarabağın tarixi: maddi-mənəvi sərvətləri" adlı tədbir maarifləndirici xarakter daşıyıb.
Muzeyin direktoru Pakizə Mehdiyeva bildirib ki, Qarabağ Azərbaycanda qədim tarixə, xüsusi və qeyri adi relyefə, zəngin maddi və mənəvi irsə malik bölgədir. Bu torpaqlarda Azərbaycan musiqisinin böyük korifeyləri, sənət adamları yetişib. Qarabağ xalçaları və atları bütün dünyada məşhurdur. 30 il işğal altında olan Qarabağ torpağı vəhşicəsinə talan edilsə də, maddi-mənəvi abidələri dağıdılsa da, xalqımız üçün hər zaman xüsusi əhəmiyyətə malik olub. Nəhayət o tarixi an yetişdi, Vətən müharibəsi başladı, tarixi torpaqlarımız işğaldan azad edildi.
Tədbirdə muzeyin elmi işçisi Xumar Əsədova "Qarabağın tarixi", baş fond mühafizi İradə Əsədova "Qarabağ bölgəsinin şifahi xalq ədəbiyyatı", bələdçi Aygün Qələmiyeva "Qarabağın yazıçı və şairləri", Natəvan Baxışova "Qarabağ - Milli musiqimizin beşiyidir", Aytən Qədimova isə "Qarabağın coğrafi mövqeyi və təbii sərvətləri" mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələr zamanı mövzulara aid foto slaydlar və "Qarabağ milli musiqimizin beşiyidir" adlı videoçarx nümayiş olunub.